Yuxarı
    Bağlamaq

    Fələstin səfiri: “Müsəlman ümməti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

    Dinlə
    “Qardaş Azərbaycan xalqına davamlı sülh, tərəqqi və rifah arzulayıram”
    © Report — Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdül Kərim Əbdül Rəhim

    Bakı. 31 may. REPORT.AZ/ “Bu il Azərbaycan Respublikası Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyini qeyd edir. Sizi və qardaş Azərbaycan xalqını bu mühüm tarixi ildönümü ilə əlaqədar təbrik etmək bizim hamımız üçün olduqca sevindiricidir. Cənab Prezident, qeyd etmək yerinə düşərdi ki, Sizin sayənizdə bizim müsəlman ölkələrini bir-birinə bağlayan qardaşlıq əlaqələrinin inkişafına təkan vermək məqsədilə Zati-alinizin yenilməz qətiyyətinizi əks etdirən belə görüşlər ənənənə halı alıb. Bu müqəddəs ayda müsəlmanlar sülh, həmrəylik şəraitində bir araya gəlməklə İslamın şərəfli dəyərləri olan ruh və fikrin qidalanmasına çağırış edilir və bu ay bizi birliyə, mənəvi rahatlığa, yüksəlişə və xeyirxahlığa doğru aparır. Bununla da imkansızlara kömək etmək, qardaş olduğumuza və paylaşdığımız taledən agah olduğumuza görə bir-birimizi bağışlamaq və qəbul etmək üçün hamımızın daxilində olan xüsusiyyəti alovlandırır”.

    “Report”un xəbərinə görə, bunu Fələstin Dövlətinin Azərbaycan Respublikasındakı səfiri Nasir Əbdül Kərim Əbdül Rəhim Prezident İlham Əliyevin qəbulunda iştirakı zamanı deyib.

    “Azərbaycan Respublikası nisbətən gənc olmasına və yaradılmasından etibarən üzləşdiyi bir çox çağırışlara baxmayaraq, respublika rəhbərliyinin müdrikliyi və uzaqgörənliyi sayəsində müasir və fəal ölkə olmaq üçün həmin əngəllərin öhdəsindən müvəffəqiyyətlə gəlib. Ölkəniz müasirliyi qəbul edib və gələcəyə doğru yüksələn xətlə inkişaf edib, lakin, eyni zamanda, öz qədim və islami irsini qoruyub saxlaya bilib. Qardaş Azərbaycandakı müsəlman səfirləri qismində ölkənizin dinamik inkişafının şahidi olduğumuz üçün biz birlikdə və səmimi surətdə ölkənizdə baş verən və bir çox sahələri əhatə edən sürətli inkişafa, yenidənqurmaya, islahatlara və uğurlu transformasiyaya valeh olmuşuq. Müsəlman ümmətinin ayrılmaz və mühüm bir üzvü olaraq Azərbaycan müsəlman aləminin haqq işinə tərəddüd etmədən dəstək olmaqla İslamın həqiqi ruhunu və ismarıcını təcəssüm etdirir. Xüsusilə Sizin müqəddəs, işğal olunmuş Əl-Qüds şəhəri ilə bağlı Sizin cəsarətli mövqeyinizi, habelə İstanbulda İslam Əməkdaşlıq Təşkilatının Sammitində iştirakınızı, o cümlədən bu günün saysız-hesabsız çağırışlarına cavab vermək üçün göstərilən birgə səylərin önündə olmağınızı və bu təhdidlərdən biri olan islamofobiya kimi yanlış təfsirə qarşı mübarizə aparmağınızı qeyd etmək istəyirəm. Bu mübarizə sakit düşüncə, şəksiz mədəni, tarixi və dini sübutların təqdim olunması və mədəniyyətlərarası və sivilizasiyalararası dialoqa əsas diqqəti yetirən Bakıda bir çox mühüm beynəlxalq konfransların keçirilməsi yolu ilə və fikir ayrılıqlarını aradan qaldırmaq, habelə sivilizasiyaların toqquşması ilə bağlı zəif arqumentlərin ifşa olunması üçün şərəfli missiya ilə İslamın insan irsinin qoruyucusu kimi rolunu və öz qızıl əsrində insan biliyi və mədəniyyətinin bütün sahələrinə verdiyi dərin töhfələrini vurğulamaqla aparılır. Azərbaycanın inklüzivliyin və tolerantlığın hökm sürdüyü, müxtəlif dinlərin nümayəndələrinin sülh və harmoniya içində yaşadığı bu ölkə kimi İslamın əsas dəyərlərini təcəssüm etməsi danılmazdır. Bununla da dünyanın müxtəlif guşələrindən olan müşahidəçilər ölkə və İslam haqqında maarifləndirilir və bu müsbət imic onların yaddaşına həkk olunur”, - səfir əlavə edib.

    O bildirib ki, müsəlman ümməti Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir və Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq qətnamələrin, BMT-nin qəbul etdiyi bütün qətnamələrin şəffaf və qeyd-şərtsiz icrasının tərəfdarı olmaqla onun yanında durur: “Bu müqəddəs ayda biz işğal olunmuş bütün müsəlman ərazilərinin və müqəddəs yerlərin öz həqiqi sahiblərinə qayıdacağı və ümmətimizin terror və xaosu yayan, İslamın adına ləkə gətirən bədxah və cahil qüvvələrə qalib gələcəyi günün yaxın olduğunu arzulayırıq. Bununla da bəzi müsəlman ölkələrinin üzərində olan qara buludlar aradan götürüləcək. Eyni zamanda, qardaş ölkələrimiz arasında birliyi və harmoniyanı bərpa etmək üçün fikir ayrılıqları aradan qaldırılacaq. Bu da bizə insan sivilizasiyası, innovasiyalar və tərəqqiyə mühüm töhfə verən tərəf kimi öz həqiqi yerimizi yenidən tutmaq imkanını verəcək.

    Zati aliləri, müsəlman ölkələrinin səfirləri və diplomatik missiyalarının rəhbərləri adından mən Sizə və ailənizə möhkəm cansağlığı, səadət və uğurlar arzu edirəm. Qardaş Azərbaycan xalqına isə davamlı sülh, tərəqqi və rifah arzulayıram.

    Allah Sizi, Azərbaycanı və bizim İslam ümmətimizi qorusun! Çox sağ olun, cənab Prezident”.

    Qeyd edək ki, bu gün Prezident İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini və diplomatik nümayəndəliklərinin rəhbərlərini qəbul edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi