Yuxarı

Ermənistana qalib gələn Çıraqovlar: "10 ildir Avropa Məhkəməsinin qərar verməsini gözləyirdik"

Mübarizə apardıq və istəyimizə nail olduq

Bakı. 22 iyun. REPORT.AZ/ "İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarında açıq-aydın göstərilib ki, Ermənistan işğalçı dövlətdir. Bu bizim qələbəmizdir"

Bunu "Report"a açıqlamasında İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Ermənistana qalib gələnlərdən biri - Laçın rayonundan məcburi köçkün Elxan Çıraqov deyib.

O bildirib ki, məhkəmənin onların xeyrinə qərar çıxarması uzunmüddətli mübarizənin nəticəsidir: "Avropa Məhkəməsinə müraciət etməkdə məqsədimiz Azərbaycanla bağlı həqiqətləri dünyaya çatdırmaq idi. 2005-ci ildə məhkəməyə müraciət etdik. Həmin müddətə qədər xeyli ərizə təqdim etmişdik, heç biri icraata götürülməmişdi. Amma sonuncu müraciətimiz effekt verdi. 10 ildən çox mübarizə apardıq və istəyimizə nail olduq. İyunun 16-da Avropa Məhkəməsinin Böyük Palatasında şikayətimizə baxıldı və bizim xeyrimizə qərar verildi. Hazırda verilən qərarın icrasını gözləyirik. Bizdən sonra məhkəməyə müraciət edənlərin də ərizələri qəbul olunub. Onların da işlərinə baxılacaq, yəqin ki, müsbət qərar qəbul ediləcək. Güc birlikdədir, biz qələbə çalmışıqsa, digər vətəndaşlarımız da Ermənistan üzərində qələbə qazana bilərlər".

23 ildir doğulub-böyüdüyü Laçın rayonuna, doğma torpaqlarına gedə bilməyən E.Çıraqov hesab edir ki, Avropa Məhkəməsinin qərarı Dağlıq Qarabağ məsələsində mühüm rol oynayacaq: "Bilirsiniz ki, Ermənistan hüquqi müstəvidə işğalçı dövlət kimi tanınmırdı. Bu qərarla Ermənistan ilk dəfə hüquqi müstəvidə işğalçı dövlət kimi tanındı".

O vurğulayıb ki, məhkəməyə müraciət etdikləri vaxtdan Azərbaycan hökuməti onlara tam dəstək verib.

Həmin ailənin digər üzvü Adışirin Çıraqov Avropa Məhkəməsinin qərarını Azərbaycanın qələbəsi kimi qiymətləndirib. Onun sözlərinə görə, məhkəmə proseslərinin gedişindən qələbə şansının çox olması müşahidə edilib: "10 ildir ki, bu qərarın verilməsini gözləyirdik. Qələbə çalacağımıza inanırdıq. Yüz ildən çoxdur ki, Ermənistan-Azərbaycan münaqişəsi davam edir. Ermənilər daim Azərbaycana basqı ediblər. İlk dəfədir ki, bu məsələ hüquqi müstəvidə öz həllini tapdı. Avropa dövlətləri ikili standartlarla deyil, ədalətli mövqe sərgiləsələr, həqiqət üzə çıxacaq. Təbii ki, bu da Azərbaycan xalqının xeyrinə olacaq".

A.Çıraqov qeyd edib ki, Avropa Məhkəməsinin qərarı Dağlıq Qarabağ məsələsinə, o cümlədən Kəlbəcərdə girov götürülən Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə də müsbət təsir göstərə bilib. 

2005-ci ildə Avropa Məhkəməsinə müraciət edənlərdən biri Fəxrəddin Paşayev deyib ki, məhkəmənin qərarı ilə Azərbaycanla bağlı həqiqətlər hüquqi müstəvidə həllini tapıb: "Bununla da ermənilərin Azərbaycan torpaqlarını işğal etməsi faktını inkar etmələrinə son qoyuldu. Ermənilər işğalçı hərəkətlərini inkar edə bilməzlər. Məhkəmənin qərarında göstərilir ki, Laçın rayonu, digər 7 rayon və Dağlıq Qarabağ ərazisi Ermənistanın yuridiksiyası altındadır. Bəziləri iddia edir ki, qərarda işğal sözü işlədilməyib. Məhkəmənin qərarında aydın şəkildə bildirilir ki, Ermənistan Azərbaycan torpaqlarını işğal edib. Bu günə qədər Ermənistan iddia edirdi ki, münaqişədə tərəf kimi çıxış etmir. Guya qondarma Dağlıq Qarabağ rejimi mövcuddur, münaqişə də Azərbaycanla onlar arasında həll edilməlidir. Məhkəmə isə sübut etdi ki, Ermənistanın dəstəyi olmasa, Dağlıq Qarabağdakı rejimin yaşaması qeyri-mümkündür".

F.Paşayev vurğulayıb ki, Avropa Məhkəməsinin qərarı digər məsələlər üçün də president sayıla bilər: "Bunun Kəlbəcərdə girov götürülən iki azərbaycanlı - Dilqəm Əsgərov və Şahbaz Quliyevin işinə də böyük təsiri olacaq. Bu insanlar dədə-baba yurdlarında qeyri-qanuni həbs ediliblər, işgəncələrə məruz qalıblar".

F.Paşayev qeyd edib ki, bu məsələdə maddiyyat deyil, məsələnin mənəvi tərəfi əsasdır: "Məhkəmənin qərarında göstərilib ki, kompensasiyanın ödənilməsi bir il müddətində açıq saxlanılır. Bu o demək deyil ki, ermənilər kompensasiya ödəməyəcəklər. Bir il ərzində tərəflər razılığa gəlməlidir. Əgər razılığa gələ bilmirlərsə, məhkəmənin kompensasiyanın ödənilməsi ilə bağlı qərarı olacaq. Azərbaycan xalqı çox sülhsevər xalqdır, biz ermənilərlə münaqişə istəmirik, onlardan kompensasiya da tələb etmirik, qoşunlarını Azərbaycan torpaqlarından çıxarsınlar və biz orada pulumuzu qazana bilərik. Ermənistanın bizə kompensasiya ödəməsi o qədər də vacib deyil".

Xatırladaq ki, iyunun 16-da Avropa İnsan Haqları Məhkəməsinin Böyük Palatası azərbaycanlı məcburi köçkünlərin şikayəti üzrə qərarını açıqlayıb. Qərarda qeyd olunub ki, öz əmlaklarına sahib çıxmaq hüququndan məhrum olunan məcburi köçkünlərin hüquqları pozulub.

"Çıraqov və başqaları Ermənistana qarşı" adlı iş 2005-ci ilin aprelində baxılmaq üçün Avropa Məhkəməsinə təqdim olunub. Belə ki, 1992-ci ildə Ermənistanın işğalı nəticəsində Azərbaycanın Laçın rayonunda doğma torpaqlarını tərk etmək məcburiyyətində qalan və evlərinə qayıda bilməyən məcburi köçkünlər məhkəməyə şikayət veriblər. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi