Yuxarı

​Ermənistan mətbuatının Uruqvay vitse-prezidentinin fikirlərini təhrif etdiyi məlum olub

Uruqvay Xarici İşlər Nazirliyindən bildirilib ki, məsələ vitse-prezident və Senatın sədri Danilo Astori ilə aydınlaşdırılıb

Bakı. 17 dekabr. REPORT.AZ/ Ermənistan kütləvi informasiya vasitələrində, xüsusilə “asbarez.com” saytında Ermənistanda səfərdə olan Uruqvay Şərq Respublikasının vitse-prezidenti və Senatının sədri Danilo Astorinin 8 dekabr tarixində Ermənistan Milli Assambleyasının sədri Qalust Saakyan ilə keçirdiyi birgə mətbuat konfransında "Uruqvay erməni soyqırımını tanıyan bir ölkə kimi Dağlıq Qarabağ Respublikasının da müstəqilliyini tanıyacaq ilk ölkə olacaqmı?" sualına cavab olaraq Danilo Astori tərəfindən "Mənim ölkəm bu istiqamətdə işləyir", deməsi kimi məlumatlar yayılıb. Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən “Report”a daxil olan xəbərə görə, məsələnin araşdırılması üçün XİN-in təlimatı əsasında Azərbaycan Respublikasının Uruqvaydakı diplomatik nümayəndəliyi bu ölkənin Xarici İşlər Nazirliyinə müraciət edib.

Bu müraciətə cavab olaraq, Uruqvay Xarici İşlər Nazirliyindən bildirilib ki, məsələ vitse-prezident və Senatın sədri Danilo Astori ilə aydınlaşdırılıb.

Danilo Astori bu məlumatın həqiqətə uyğun olmadığını, belə fikirlər səsləndirmədiyini və Uruqvayın rəsmi mövqeyinin münaqişə tərəflərinin maraqlarını nəzərə alaraq, münaqişənin dialoq, danışıqlar və sülh yolu ilə həllini dəstəkləməkdən ibarət olduğunu bildirdiyini deyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi