Yuxarı

​Elmar Məmmədyarov: "Ermənistan tərəfindən atəşkəsin pozulması davam etdirilir"

Bu gərginliyə əsas səbəb Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur

Bakı. 3 aprel. REPORT.AZ/ Cəbhədə yaranmış son gərginliklə əlaqədar xarici işlər naziri Elmar Məmmədyarov Almaniya Federativ Respublikasının xarici işlər naziri və hal-hazırda ATƏT-in fəaliyyətdə olan sədri Frenk Valter Ştanmayer və Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Herbert Salber ilə telefonla danışıb.

XİN-dən "Report"a verilən məlumata görə, Elmar Məmmədyarov Ermənistanın qoşunların təmas xəttində yaranmış gərginlik ilə əlaqədar həmkarına məlumat verib.

O bildirib ki, mülki şəxsləri hədəfə alaraq, qoşunların təmas xətti boyunca ağır atəş vasitələrindən istifadə etməklə Ermənistan tərəfindən Azərbaycan silahlı qüvvələrinin mövqeləri intensiv atəşə tutulub. Mülki insanların təhlükəsizliyini təmin etmək və Ermənistanın təxribatçı addımlarının qarşını almaq üçün Azərbaycan silahlı qüvvələrinin zəruri cavab tədbirləri gördüyünü deyən nazir Elmar Məmmədyarov Ermənistan tərəfindən atəşkəsin pozulmasının davam etdirildiyini qeyd edib. O əlavə edib ki, bu kimi gərginliyin yaranmasının əsas səbəbi Ermənistan qoşunlarının işğal olunmuş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğudur.

Elmar Məmmədyarov gərginliyin aradan qaldırılması və münaqişənin həllində irəliləyişə nail olmaq üçün beynəlxalq ictimaiyyətin tələbi ilə BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinə uyğun olaraq, Ermənistan qoşunlarının bütün işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalı olduğunu vurğulayıb.

Nazir Elmar Məmmədyarovun digər həmkarları ilə də təmasları nəzərdə tutulub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi