Yuxarı
    Bağlamaq

    Elmar Məmmədyarov: "Azərbaycan Ermənistanla danışıqlarda ərazilərinin işğaldan azad edilməsi prosesinin başlamasına hədəflənib"

    Bakı. 6 avqust. REPORT.AZ/ "Azərbaycan Dağlıq Qarabağ probleminin həlli istiqamətində Ermənistan tərəfi ilə intensiv dialoqu davam etdirməyə hazırdır".

    "Report" xəbər verir ki, bunu RİA "Novosti"yə müsahibəsində Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həlli prosesini şərh edərkən deyib.

    "Dünya ictimaiyyəti Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Münaqişənin nizamlanması məhz bu əsas vəziyyətlər əsasında olmalıdır. Bir daha xatırlatmaq istərdim ki, BMT Təhlükəsizlik Şurasının bu münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamə var və onlar işğalçı qüvvələrin dərhal, tam və qeyd-şərtsiz Azərbaycan Respublikasının işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edir. Məlumdur ki, BMT Təhlükəsizlik Şurasının qətnamələrinin vaxtı keçmir və icrası mütləqdir", - E.Məmmədyarov bildirib.

    O həmçinin ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklif etdiyi mərhələli həll modelinin çoxdan hamıya məlum olduğunu xatırladıb. Nazir bildirib ki, Rusiya, ABŞ və Fransa rəhbərləri dəfələrlə işğal faktına əsaslanan status-kvonun qəbuledilməz olduğunu söyləyiblər.

    "Nizamlama prosesini təşviq etmək üçün mövcud formatlar əsasında və mövcud gündəm çərçivəsində substantiv danışıqları intensivləşdirmək lazımdır", - Azərbaycan XİN-in başçısı əlavə edib.

    Onun sözlərinə görə, Azərbaycan nəticəyə hədəflənib və Ermənistan tərəfi ilə bu mövzuda intensiv substantiv dialoqu davam etdirməyə hazırdır.

    Rusiya, Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin mümkün üçtərəfli görüşü barədə danışan E.Məmmədyarov vurğulayıb ki, Bakı dialoqa açıqdır, lakin danışıqlar məzmunlu və məsuliyyətli, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi prosesinin tezliklə başlamasına istiqamətlənməlidir. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi