Yuxarı

Dövlət müşaviri: “Aprel döyüşlərindən sonra Qarabağ bölgəsində yaşayan insanlarımızın ruhu sanki təzələnib”

Kamal Abdullayev: “Bu gün Qarabağ bölgəsində yaşayan hər bir insan mərd və cəsur Azərbaycan əsgəri kimi Vətənin keşiyindədir”

Bakı. 13 iyul. REPORT.AZ/ “Mən 2 il öncə də Qarabağ bölgəsinə səfər etmişdim. Əminliklə deyə bilərəm ki, aprel ayında baş verən və ordumuzun qələbəsi ilə bitən qızğın döyüşlərdən sonra Qarabağ bölgəsində yaşayan insanlarımızın ruhu sanki təzələnib”.

“Report” xəbər verir ki, bunu “Azərtac”a müsahibəsində Azərbaycan Respublikasının millətlərarası, multikulturalizm və dini məsələlər üzrə Dövlət müşaviri, akademik Kamal Abdullayev deyib.

K.Abdullayev qeyd edib ki, Qarabağ bölgəsində yaşayan insanlar balacasından ağsaqqalına qədər hamısı Vətənin müdafiəsinə qalxmağa hazır olduqlarını bildirir və hər addımda cani-dildən məhəbbət və ehtiram bəslədikləri Ali Baş Komandanın əmrini səbirsizliklə gözlədiklərini dilə gətirirlər.

“Ağdamın Sarıcalı, Çəmənli, Xındırstan kəndlərinin sakinləri, bərdəlilər, tərtərlilər, goranboylular, ağcabədililər hamısı son dövrlərdə cəbhədə baş verən hadisələrdən dərhal sonra Prezident İlham Əliyevin öz xanımı ilə birlikdə birbaşa düşmən artilleriyasının atəş zonasında yerləşən, mənfur düşmənlərin dağıtdığı dinc əhalinin yaşayış evlərini ziyarət etməsini çox yüksək dəyərləndirir, onların belə bir təhlükəli yerdə yaşamasının yeganə səbəbinin Vətən eşqi və yeganə səbəbkarının ölkə Prezidenti olduğunu dönə-dönə qeyd edirdilər. Bu gün Qarabağ bölgəsində yaşayan hər bir insan mərd və cəsur Azərbaycan əsgəri kimi Vətənin keşiyindədir. Dillərinin əzbəri olan bir söz var: “Cənab Prezident bizə dedi ki, mən sizinlə qürur duyuram”- deyə dövlət müşaviri bildirib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi