Yuxarı

​Dövlət başçısı: "Minsk qrupu ilk növbədə öz qərarlarına hörmətlə yanaşmalıdır"

İşğalçını və işğala məruz olan ölkəni bir tərəziyə qoymaq olmaz

Bakı. 25 noyabr. REPORT.AZ/ "Minsk qrupunun həmsədrləri dünyanın aparıcı ölkələridir, BMT Təhlükəsizlik Şurasının daimi üzvləridir. Onlar əlbəttə ki, ilk növbədə öz qərarlarına hörmətlə yanaşmalıdırlar".

"Report" xəbər verir ki, bunu prezident İlham Əliyev V çağırış Milli Məclisin ilk iclasında çıxışında deyib.

Prezident Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində diplomatik və siyasi səylərin davam etdiriləcəyini bildirib. O, Minsk qrupunun fəaliyyəti ilə bağlı təəssüf hissini ifadə edib:

"Minsk qrupunun fəaliyyəti əfsuslar olsun ki, bu günə qədər heç bir səmərə verməyib. Ancaq buna baxmayaraq, biz bütün beynəlxalq təşkilatlarda bu məsələni qaldırmalıyıq və qaldırırıq. Bu yaxınlarda Avropa Şurası Parlament Assambleyasında çox dəyərli qərarlar qəbul edilib, digər təşkilatlarda bu fəaliyyət davam etdirilməlidir.

İlham Əliyev Minsk qrupu həmsədrlərinin dünyanın aparıcı ölkələri və BMT Təhlükəsizlik Şurasının daimi üzvləri olduğunu diqqətə çatdırıb:

"Onlar əlbəttə ki, ilk növbədə öz qərarlarına hörmətlə yanaşmalıdırlar. Məhz onlar BMT Təhlükəsizlik Şurasının qətnamələrini qəbul ediblər ki, orada erməni qüvvələrinin torpaqlarımızdan çıxarılması məsələsi qoyulubdur. Onlar ilk növbədə öz qərarlarına hörmət etməlidirlər. Biz onlardan bunu gözləyirik. Burada balanslı yanaşmadan söhbət gedə bilməz. Çünki işğalçını və işğala məruz olan ölkəni bir tərəziyə qoymaq olmaz.

Əlbəttə ki, biz başqa sahələrdə olduğu kimi, bu sahədə də ikili standartlarla üzləşirik. İkili standartlar bu gün reallıqdır. Yenə də demək istəyirəm ki, biz real dünyada yaşayırıq və bu reallıqları nəzərə almalıyıq. Ancaq, eyni zamanda, öz prinsipial mövqeyimizi daim ifadə edəcəyik. Bir daha demək istəyirəm ki, münaqişənin həlli ancaq ölkəmizin ərazi bütövlüyü çərçivəsində mümkün ola bilər. Bu məqsədə nail olmaq üçün Azərbaycan daha da güclü olmalıdır".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi