Yuxarı

DailyKarabakh.com saytı ictimaiyyətə təqdim olunub

Sayt QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırlanıb

Bakı. 22 sentyabr. REPORT.AZ/ Bu gün "Düşüncə" İctimai Birliyi QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə hazırladığı DailyKarabakh.com saytının təqdimatını keçirib. "Report"un xəbərinə görə, tədbirdə deputatlar, ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak edib.

Şuranın sədri Azay Quliyev bildirib ki, sayt Qarabağ həqiqətlərini müxtəlif dillərdə dünya ictimaiyyətinə çatdırmaq missiyasını daşıyır: "Azərbaycan, rus, ingilis, alman və fransız dillərində fəaliyyət göstərəcək saytda Dağlıq Qarabağ münaqişəsinin tarixi, mövcud durumu ilə bağlı materiallar yerləşdiriləcək, konfliktin nizamlanması istiqamətində atılan addımlar geniş şəkildə işıqlandırılacaq. Əsasən xarici dilli şəxslər üçün nəzərdə tutulmuş bu saytda Azərbaycanın və dünyanın tanınmış ekspertlərinin, analitik və politoloqlarının fikirlərinə, məqalələrinə yer veriləcək. Hədəf dəyişməz qalır – Dağlıq Qarabağ münaqişəsi ilə bağlı həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq. Bu, Azərbaycan Prezidenti İlham Əliyevin media qarşısında qoyduğu əsas vəzifələrdən biridir".

Prezident Administrasiyası İctimai-siyasi məsələlər şöbəsinin sektor müdiri Elman Paşayev deyib ki, istənilən münaqişə haqqında məlumat informasiya vasitələrinin köməyi ilə dünya ictimaiyyətinə çatdırılır: "Dağlıq Qarabağ münaqişəsinin başlamasından bu günə qədər olan müddət ərzində informasiyaların düzgün və dolğun çatdırılmasına xüsusi diqqət yetirilib. Bu kimi saytların yaranması da bu istiqamətdə atılan vacib addımlardan biridir".

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin rəhbəri Bayram Səfərov isə qeyd edib ki, son illərdə media Dağlıq Qarabağ münaqişəsi haqqında həqiqətlər dünya ictimaiyyətinə geniş şəkildə çatdırılmasında böyük işlər görür: "Mediaların xaricə çıxışı daha yaxşıdır. Azərbaycan xalqı və mediası dayanmadan bu işi davam etdirməlidir".

“Düşüncə” İctimai Birliyinin sədri, saytın rəhbəri Emil Hüseynli isə çıxışında bildirib ki, saytın yaranmasının əsas məqsədi Qarabağ həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasıdır: “Saytın fəaliyyəti zamanı Avropa ekspertərinin məqalələri, açıqlamalarından istifadə olunacaq. Bu işin məsuliyyətini dərk etmişik və anlayıram ki, bu sayt vasitəsilə Azərbaycanın haqq səsini dünyaya çatdıracağıq”.

Tədbir müzakirələrlə davam edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi