Yuxarı

​Dağlıq Qarabağa qanunsuz səfər edən daha bir şəxsin adı “Arzuedilməz şəxslər” siyahısına daxil ediləcək

Set Kuqelin qərəzli məqaləsi “Nyu-York Times” qəzetində çap olunub

Bakı. 10 aprel. REPORT.AZ/ “Nyu-York Times” qəzetində məqalə ilə çıxış edən Set Kuqel adlı şəxs Azərbaycanın Respublikasının işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər edib və Azərbaycanın “Dövlət sərhədi haqqında” qanununu pozub. Bu barədə “Report”a Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

“Bu şəxsin Azərbaycanın işğal olunmuş ərazilərində obyektiv vəziyyəti təhrif edən bu məqaləsi əslində Nyu-York Times qəzetinin oxucu auditroyasına və işğal olunmuş ərazilərdə qanlı etnik təmizləməyə məruz qalmış bir milyondan artıq azərbaycanlı qaçqın və məcburi köçkünün hüquqlarına qarşı hörmətsizlikdir. Belə bir yazının Nyu-York Times qəzetində özünə yer alması təəssüf doğurur”, - H.Hacıyev deyib.

O bildirib ki, erməni lobbi dairələrinin sifarişi ilə ərsəyə gələn bu məqalədə Azərbaycanın işğal olunmuş ərazilərində azərbaycanlılara məxsus mülkiyyətin talan edilməsi, Azərbaycan xalqına aid maddi-mədəniyyət nümunələrinin, o cümlədən İslam dininə aid abidələrin və ibadət ocaqlarının məhv edilməsi faktları məqsədyönlü şəkildə öz əksini tapmayıb: “İşğal olunmuş ərazilərə “turizm” səfərlərindən danışan və belə bir qərəzli yazıya yer verən “Nyu-York Times” qəzetinin redaksiyasına xatırlatmaq istərdik ki, münaqişə ərazisi olan bu ərazilər insan alveri, narkotik maddələrin hazırlanması və dövriyyəsi, qanunsuz silah ticarəti və terrorçuların hazırlanması kimi transmilli cinayətlərin həyata keçirildiyi məkandır”.

H.Hacıyev vurğulayıb ki, Set Kuqelin adı “Arzuedilməz şəxslər” siyahısına daxil ediləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi