*** 10:49
Bakı. 26 aprel. REPORT.AZ/ Bakıda “Qədim mətnlər və klassik mənbələr erməni saxtakarlıqlarını və uydurmalarını ifşa edir” mövzusunda konfrans başlayıb.
“Report” xəbər verir ki, tədbiri Müəllif Hüquqları Agentliyi təşkil edib.
Konfransı giriş sözü ilə açan agentliyin sədri Kamran İmanov bildirib ki, tədbirin məqsədi hay-erməni saxtakarlıqlarını və uydurmalarını qədim mətnlərə və klassik mənbələrə əsaslanaraq ifşa etməkdir.
O deyib ki, ermənilər aprelin 24-nü qondarma “erməni sıyqırımı günü” kimi qeyd edirlər: "Erməniçiliyin sifarişi ilə muzdlu xarici müəlliflər tərəfindən yazılan çoxlu sayda “əsərlər” riyakarlığa əsaslanaraq, tarixi saxtalaşmaya yol açır, dünyaya yalan toxumu səpir, beynəlxalq ictimai rəyi çaşdırır. Uydurmalar isə qəbul edilmədiyi halda “çox əzabkeş” xalqın millətçiləri aqressiya və terrora əl atırlar: “Tarixşünas-coğrafiyaçı Erik Fayqlın dediyi kimi, “erməni terrorizminin kökləri tarixə yanlış baxımdan irəli gəlir… Müasir erməni terrorçularının unikallığı ondadır ki, tarix onlar üçün yeganə bəraətdir”. Araşdırmalar göstərir ki, istər hay-erməni xalqının kollektiv yaddaşında, istərsə də institusional (akademik və tədris) nəşrlərdə tarix və etnik-coğrafi yaşayış arealı mifoloji köklərə əsaslanır. Eyni zamanda qonşu xalqların hüquqlarına xələl gətirir".
K.İmanov qeyd edib ki, erməni miflərini saymaqla bitməz.
Azərbaycan Ağsaqqlar Şurasının sədri Fəttah Heydərov vurğulayıb ki, hazırda Ermənistanın işğalı altında olan Dağlıq Qarabağ və digər ərazilər qədim Azərbaycan torpağıdır: "Qarabağ torpağında olan tarixi abidələr, bütün tarixi faktlar bunu sübut edir".
F.Heydərov bu gün dünyada aparılan erməni təbliğatının anti-bəşəriyyət, anti-sülh xarakterli olduğunu diqqətə çatdırıb.
Milli Məclisin deputatı Hikmət Babayev isə bildirib ki, qədim mətnlərdə olan tarixin öyrənilməsi çox vacibdir.
Konfransın davamında Müəllif Hüquqları Agentliyinin eksperti Elşad Əlili “Qədim Mesopotamiyanın Akkad mətnlərində türk leksikası” adlı məruzəsi ilə çıxış edib. O bildirib ki, assirologiya üzrə ilk mütəxəssis alimlərin Mesopotamiya mixi yazılarında turani dillərin varlığı və təsiri barədə qeydləri var. Məruzədə akkad dilində olan türkcə sözlərdən örnəklər və onların akkad mətnlərində ifrat miqdarda bolluğu vurğulanıb. Bu türkcə sözlərin təsnifatı və bəzilərinin bu gün yalnız sırf Azərbaycan leksikasında mövcudluğu göstərilib: "Akkad dilinin mənimsədiyi türkcə kəlmələrin üzərinə sami dillərinə məxsus qramatik qanunlar tətbiq edilib və bunula da yeni derivat sözlər meydana çıxıb. Akkad mətnlərində var olan türkcə kəlmələr bölgədə türk dilinin, o cümlədən Azərbaycan türkcəsinin hələ 5-6 min il əvvəl mövcudluğunun birbaşa isbatıdır. Dolayı olaraq azərbaycanlıların ulu əcdadlarının bir çox xalqlardan və xüsusən də hay-ermənilərdən çox-çox qədimdən Qafqaz, Şimali Mesopotamiya və Anadoluda məskunlaşmasının tarixi sübutudur".
Daha sonra Bakı Dövlət Universitetinin Arxeologiya və etnoqrafiya kafedrasının dosenti, tarix üzrə fəlsəfə doktoru Kərəm Məmmədov “Antropologiya və hay harayı” mövzusunda prezentasiyanı təqdim edib.