Yuxarı

Azərbaycanlı deputat Xocalı faciəsinin ildönümü ilə əlaqədar Avropa təsisatları rəhbərlərinə müraciət ünvanlayıb

“Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı törədilən ən amansız cinayət kimi tanınmasını tələb edirik

Bakı. 21 Fevral. REPORT.AZ/ Milli Məclisin deputatı, Azərbaycan-Lüksemburq parlamentlərarası işçi qrupunun rəhbəri Elmira Axundova xalqımızın tarixinin ağrılı səhifələrindən olan Xocalı soyqırımının 23-cü ildönümü ilə əlaqədar Avropa Parlamentinin sədri Martin Şultsa, Avropa Komissiyasının prezidenti Jan-Klod Yunkerə, Avropa Şurasının sədri Donald Tuska, Avropa Parlamentinin 751 deputatına, Lüksemburq Parlamentinin Azərbaycan və Qafqaz üzrə dostluq qrupunun üzvlərinə və Lüksemburq siyasi partiyaların rəhbərlərinə müraciət ünvanlayıb.

"Report"un AzərTAc-a istinadla verdiyi xəbərə görə, müraciətdə bildirilir ki, Azərbaycana qarşı ərazi iddiası irəli sürən, torpaqlarımızın 20 faizini işğal edən və etnik təmizləmə siyasəti aparan ermənilər fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərinə hücum edərək silahsız və günahsız əhaliyə qarşı tarixdə görünməmiş qəddarlığa əl atıblar. Onlar keçmiş sovet ordusunun 366-cı alayının köməyi ilə 613 mülki şəxsi amansızlıqla qətlə yetiriblər. Vəhşiləşmiş ermənilər hətta qadınlara, uşaqlara və yaşlı sakinlərə belə aman verməyərək, onları qəddarcasına güllə-borandan ediblər.

Xocalı faciəsi yalnız azərbaycanlılara deyil, eyni zamanda, bəşəriyyətə qarşı törədilən cinayətdir. Bu, XX əsrin sonlarında dünyada görünməyən qanlı soyqırımıdır.

Müraciətdə bildirilir ki, Xocalıda törədilən soyqırımı faktları bir mənalı qarşılanmamış, tanınmış nüfuzlu insan haqları təşkilatları və dünyanın bir çox mətbu orqanları tərəfindən pislənilmişdi.

Xocalı faciəsinin beynəlxalq ictimaiyyətə çatdırılmasının vacibliyi vurğulanan müraciətdə deyilir: “Bütün dünya xalqlarını insanlığa çağırırıq. Xocalı soyqırımı insanlığa, bəşəriyyətə qarşı törədilən ən amansız cinayət kimi tanınmasını tələb edirik.

Ermənistanın apardığı işğalçılıq siyasəti nəticəsində öz doğma yurdlarından silah gücünə zorla çıxarılaraq qaçqın və məcburi köçkün həyatı yaşamağa məcbur olunan bir milyondan artıq azərbaycanlının öz isti ocaqlarına qaytarılmasını, işğal edilən Azərbaycanın əzəl və ayrılmaz bir ərazisi olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun heç bir şərt qoymadan dərhal azad edilməsini, BMT Təhlükəsizlik Şurasının və Avropa Şurasının qərar və qətnamələrinin yerinə yetirilməsini, əlləri minlərlə azərbaycanlının qanına bulaşan qəsbkar ermənilərin məsuliyyətə cəlb olunmalarını tələb edirik”.

Azərbaycan-Lüksemburq Cəmiyyətinin sədri, Benilüks Azərbaycanlıları Konqresinin ( BAK ) idarə heyətinin üzvü, Lüksemburq Koservativ Partiyasının nümayəndəsi və parlamentin sabiq deputatı Jak-İv Hankes azərbaycanlı deputatın müraciətini Lüksemburq Parlamentinə və digər komissiyalara çatdıracağını vəd edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi