Yuxarı

​Azərbaycanın XİN başçısı: “Ermənistanın status-kvoya güvənməsi təhlükəli təxmindir”

“Azərbaycan ərazilərinin işğalı və yerli əhalinin ata-baba yurdlarından etnik təmizlənmə yolu ilə çıxarılması həll yolu deyil”

Bakı. 19 may. REPORT.AZ/ “Terrorçuluq və ekstremizmə qarşı mübarizə konkret din və ya mədəniyyəti hədəf seçməməlidir. Biz hazırda dini məlumatlılığın yüksək olduğu bir zamanda yaşadığımız üçün bəzi hallarda mövcud durum mənfur şəkildə etnik, dini və ya mədəni sahədə münaqişələrin alovlandırılması məqsədilə istifadə olunur. Son illərdə bir sıra Avropa ölkələrində “İslamofobiya”nın narahatedici artması meylləri bu fenomenə qarşı birgə səylərimizin labüdlüyünü təsdiq edir”. “Report”un xəbərinə görə, bunu Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Avropa Şurasının Nazirlər Komitəsinin 125-ci toplantısındakı çıxışında deyib.

E.Məmmədyarov bildirib ki, terrorçuluq bir çox hallarda təcavüzkar separatizmlə ayrılmaz şəkildə əlaqəlidir: “Silahlı münaqişələrdən zərər çəkən ərazilər bu terrorçuluğun yayılması üçün münbit şərait yaradır. Beynəlxalq ictimaiyyət beynəlxalq hüququn qəbul edilmiş norma və prinsipləri, xüsusilə ərazi bütövlüyünə hörmət və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında münaqişələrin həllini tezləşdirməli və dövlətlərə öz ərazisi üzərində suverenlik və təhlükəsizliyin bərpa edilməsində yardımçı olmalıdır. Avropa Şurasının üzərinə bu xüsusda vacib rol düşür”.

XİN başçısı deyib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi həll edilməmiş və ya həlli uzadılmış ən uzunmüddətli münaqişə olaraq, bədnam şəkildə Azərbaycan ərazilərinin 20 faizinin işğalı və bir milyondan artıq azərbaycanlının qaçqın və məcburi köçkün düşməsi ilə nəticələnib: “Ermənistan hökumətinin güc tətbiqi vasitəsilə hərbi təcavüzün nəticəsində əldə edilmiş status-kvoya güvənməsi təhlükəli təxmindir. Azərbaycan ərazilərinin işğalı və yerli əhalinin ata-baba yurdlarından etnik təmizlənmə yolu ilə çıxarılması həll yolu deyil və heç zaman Ermənistan tərəfindən arzulanan siyasi nəticə doğurmayacaq. BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrində açıq şəkildə tələb olunduğu kimi Ermənistan qoşunlarının işğal edilmiş ərazilərdən çıxarılması mühüm etimad quruculuğu tədbiri ola bilər və davam edən sülh prosesinin gedişi tamamilə dəyişə və bütün Cənubi Qafqaz regionunda hərtərəfli və davamlı inkişaf üçün geniş imkanlar aça bilər”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi