Azərbaycan XİN Nalbandyana cavab verib

Azərbaycan XİN Nalbandyana cavab verib "Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh və sabitlik bərqərar ola bilər"
Qarabağ
1 Aprel , 2015 18:07
Azərbaycan XİN Nalbandyana cavab verib

Bakı. 1 aprel. REPORT.AZ/ Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev martın 31-də “La Francophonie” təşkilatının Parlament Assambleyasının İrəvanda keçirilən iclasında çıxış edən Ermənistan xarici işlər naziri Edvard Nalbandyanın fikirlərini şərh edib. 

“Report”un xəbərinə görə, XİN sözçüsü deyib ki, çox nadir bir hal olsa da, “soyqırımlar erasının bitmədiyini” iddia edən Ermənistan xarici işlər naziri ilə razılaşmaq olar: “Erməni daşnak və bolşevik qüvvələri tərəfindən 1918-ci ilin martında Bakı, Şamaxı, Quba və digər şəhərlərdə azərbaycanlılara qarşı törədilmiş dəhşətli soyqırım əməllərinə baxmayaraq, Ermənistanın Azərbaycan xalqına qarşı soyqırım və qanlı etnik təmizləmə siyasəti daha dəhşətli formada XX əsrin sonunda Ermənistan ərazisində öz tarixi torpaqlarında və işğal edilmiş Azərbaycan ərazilərində davam etdirilib. 31 mart - Azərbaycanlıların Soyqırımı Günü beynəlxalq auditoriya qarşısında “soyqırım” mövzusunu yenə də siyasi möhtəkirlik obyektinə çevirən Ermənistan xarici işlər naziri azərbaycanlılara qarşı törədilmiş 1918-ci ilin qanlı mart hadisələrinə və işğal edilmiş Azərbaycan ərazilərində Ermənistan tərəfindən törədilmiş müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırım əməllərinə qiymət verilməsi və ölkəsinin məsuliyyətinin etiraf etməsi daha ciddi davranış olardı.

Bu kimi soyqırım əməllərinin törədilməsinə görə bilavasitə məsuliyyət daşıyan dövlət olan Ermənistanın BMT-nin İnsan Hüquqları Şurasında soyqırımın qarşısının alınması adlı qətnamənin təşəbbüskarı roluna iddia etməsi beynəlxalq ictimaiyyətə və beynəlxalq təsisatlara qarşı hörmətsizliyin nümunəsidir”.

H.Hacıyevin sözlərinə görə, münaqişənin həllindən danışan Ermənistan xarici işlər naziri ölkəsinin böyük sülh sazişi üzrə işə başlamağa imtina etməsinə, ATƏT-in Minsk qrupunun həmsədrlərinin də tələb etdiyi kimi, Ermənistanın öz işğalçı qoşunlarını işğal edilmiş Azərbaycan ərazilərindən çıxarmamasına, itkin düşmüş şəxslərin taleyi barəsində məlumat mübadiləsinə və Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı və erməni icması arasında təmaslara imkan verməməsinə aydınlıq gətirməsi daha düzgün olardı: “Ermənistan xarici işlər naziri hər bir fürsətdə ATƏT-in Minsk qrupunun həmsədrlərinin güc tətbiq etməmək və ya güc tətbiq edərək hədələməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə barəsində çağırışlarını təhrif edilmiş formada təqdim etməyə çalışır. Birincisi, ardıcıllıq bu formada olsa da, yəni güc tətbiq etməmək və ya güc tətbiq edərək hədələməmək, dövlətlərin ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə, diplomatik və siyasi etikadan kənar formada Nalbandyan tərəfindən xalqların öz müqəddəratını təyinetmə ərazi bütövlüyündən əvvəl təqdim olunur.

Nalbandyana xatırlatmaq istərdik ki, prinsiplərin bu formada ardıcıllığı Helsinki Yekun Sənədindən irəli gəlir, bu ardıcıllıq əsnasında Helsinki sənədində ərazi bütövlüyünün prioritetliyi ön sıraya çəkilir və xalqların öz müqəddəratını təyinetmə prinsipinin ərazi bütövlüyünə uyğun şəkildə ifadə olunması təsbit olunur. Ümumiyyətlə, xalqların öz müqəddəratını təyinetmə prinsipinə gəldikdə isə Azərbaycan dəfələrlə bəyan edib ki, Ermənistanın işğalçı qoşunları Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra Azərbaycanın sərhədləri daxilində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin erməni və azərbaycanlı icması öz müqəddəratını müəyyən edə bilər.

Güc tətbiq etmək və ya güc tətbiq edərək hədələmək prinsipindən çox danışan Ermənistan tərəfi hələ də anlamır ki, bu prinsipdən irəli gələn şərtlərin icra edilməsi məsuliyyəti də bilavasitə Ermənistana aiddir. Hərbi güc tətbiq edərək Azərbaycanın ərazilərini işğal edən tərəf Ermənistandır. Azərbaycanın işğal edilmiş ərazilərində çoxsaylı hərbi kontingent saxlayaraq hədə doğuran tərəf də məhz Ermənistandır. Ermənistanın işğalçı qoşunlarının Azərbaycan ərazilərində mövcudluğu güc tətbiq etmək və güc tətbiq edərək hədələməyin bariz ifadəsi olaraq regional sülh və təhlükəsizlik üçün ən başlıca təhdiddir və qeyri-sabitliyin mənbəyidir.

Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzü aradan qaldırıldıqdan və Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərindən çıxarıldıqdan sonra regionda sülh və sabitlik bərqərar ola bilər”.

Son xəbərlər

Orphus sistemi