Yuxarı
    Bağlamaq

    Azərbaycan XİN: Gərgin vəziyyətin ağırlaşdırılmasının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür

    XİN Ermənistanın Mi-24 tipli helikopterinin döyüş kursuna enərək hücum edərkən vurulması hadisəsi ilə bağlı bəyanat yayıb

    Bakı. 12 noyabr. REPORT.AZ/ Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) cəbhə xəttində Ermənistanın Mi-24 tipli helikopterinin döyüş kursuna enərək hücum edərkən vurulması hadisəsi ilə bağlı bəyanat yayıb. XİN-in mətbuat xidmətindən “Report”a daxil olan bəyanatda xatırladılıb ki, bu ilin 27 oktyabr tarixində Fransa Prezidenti Fransua Ollandın təşəbbüsü ilə Parisdə prezidentlər səviyyəsində keçirilmiş görüşdən sonra Ermənistan tərəfindən Azərbaycan Respublikasının işğal olunmuş ərazilərində çoxlu sayda canlı qüvvə və hərbi texnikanın iştirakı ilə genişmiqyaslı hərbi təlimlərin keçirilməsinə başlanılıb və atəşkəs rejimi Ermənistan tərəfindən intensiv şəkildə pozulmaqda davam etdirilib.

    “Noyabrın 12-də son üç gün ərzində müşahidə edilən provokativ döyüş uçuşlarının davamı olaraq, Ermənistan Respublikasının Hərbi Hava Qüvvələrinə məxsus iki ədəd Mi-24 tipli helikopter Azərbaycan qoşunlarının müdafiənin ön xəttində yerləşən mövqelərinə hücum edərək atəşə tutub. Cavab atəşi ilə helikopterlərdən biri vurulub, digəri isə atəş zonasını tərk etməyə məcbur olub”.

    XİN bildirir ki, Azərbaycan Respublikası işğal olunmuş əraziləri üzərindəki hava məkanını uçuşlar üçün bağlı elan edib və müvafiq qaydada beynəlxalq mülki aviasiya təşkilatının bütün üzvlərini bu barədə məlumatlandırıb.

    “Ermənistana məxsus hərbi helikopterlərin Azərbaycanın hava məkanına qeyri-qanuni soxulması Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün və Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı zordan istifadə siyasətinin davamıdır.

    Paris görüşünün nəticəsi olaraq, Böyük sülh sazişinin layihəsi üzərində işə başlamaq üçün konkret addımlar atmaq əvəzinə Ermənistanın bu məqsədyönlü təxribatçı əməlləri vəziyyətin gərginləşdirilməsi, danışıqlar prosesinə xələl gətirilməsi və mövcud status-kvonun saxlanması məqsədi daşıyır.

    Gərginliyin yaranmasının əsas səbəbi Ermənistan Respublikasının silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində olmasıdır. Buna görə də Azərbaycan tərəfindən dəfələrlə bəyan edildiyi kimi, onsuz da gərgin olan vəziyyətin ağırlaşdırılmasının bütün məsuliyyəti Ermənistanın üzərinə düşür.

    Münaqişənin sülh yolu ilə həlli və regionda sülhün və sabitliyin bərqərar olması üçün ilk növbədə Ermənistan silahlı qüvvələri işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmalıdır” – deyə, sənəddə vurğulanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi