Yuxarı

Azərbaycan XİN başçısı Qarabağ münaqişəsinin həllində Rusiyanın fəallaşmasını şərh edib

Məmmədyarov: Ermənistan qoşunları işğal olunmuş Azərbaycan ərazilərini tərk etməlidir

Bakı. 29 aprel. REPORT.AZ/ Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Dağlıq Qarabağ münaqişəsinin həllində Rusiyanın fəallaşmasını şərh edib.

"Report" xəbər verir ki, XİN başçısı mətbuat konfransında bu günə qədər müxtəlif fikirlərin irəli sürüldüyünü, lakin bu baxımdan nəsə deməyin hələ tez olduğunu qeyd edib.

"Bu aysberqə bənzəyir. Onun yalnız suyun üzərində olan yuxarı hissəsi görünür, heç kim suyun altında nə olduğunu bilmir. Rusiya irəli sürdüyü təkliflər bizim üçün də maraqlıdır. Bizə münaqişənin mərhələli həlli təklif edilir", - deyə xarici işlər naziri bildirib.

Onun sözlərinə görə, təhlükəsizlik baxımından qoşunların geri çəkilməsi vacibdir: "Ermənistan qoşunları da işğal olunmuş Azərbaycan ərazilərini tərk etməlidir".

Nazir ötən əsrin 90-cı illərində atəşkəs barədə razılıq əldə olunduğunu xatırladaraq, qoşunların təmas xəttində baş verən son hadisələrin ermənilərin bu məsələni sual altına saldığını göstərdiyini vurğulayıb: "Rusiya və digər həmsədr ölkələr tərəfdən bu razılaşmayla bağlı bizə dəstək verilmişdi. Bildiyiniz kimi, barışığın yeni mərhələsi Moskvada razılaşdırılmışdı. Biz həm də barışığın gücləndirilməsi məsələsini əhəmiyyətli hesab edirik".

E.Məmmədyarov Azərbaycanın sülh danışıqlarını dəstəklədiyini, eləcə də hərtərəfli razılaşmanı dəstəkləyəcəyini bir daha ifadə edərək, bunun üçün nəticənin zəruri olduğunu qeyd edib. Nazir məsələnin hərbi yolla həllinin mümkün olmadığını da əlavə edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi