Yuxarı

Azərbaycan və Latviya XİN-ləri arasında siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib

Xələf Xələfov Latviya XİN-in dövlət katibinə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verib

Bakı. 21 yanvar. REPORT.AZ/ Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan və Latviya arasında XİN-lərarası siyasi məsləhətləşmələrin növbəti mərhələsi keçirilib.

Bu barədə "Report"a Azərbaycan XİN-in mətbuat xidmətindən məlumat verilib.

Məsləhətləşmələrdə Azərbaycanı xarici işlər nazirinin müavini Xələf Xələfov, Latviyanı isə Xarici İşlər Nazirliyinin dövlət katibi Andres Pildeqoviçs təmsil edib.

Xələf Xələfov Azərbaycanla Latviya arasında ikitərəfli əsasda və bir sıra beynəlxalq və regional təşkilatlar, xüsusilə Avropa İttifaqı çərçivəsində səmərəli əməkdaşlığın olduğunu qeyd edərək, iki ölkə arasında siyasi, iqtisadi, təhsil, kənd təsərrüfatı və digər sahələrdə ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi üçün əlverişli imkanların olduğunu bildirib.

İki ölkə arasında münasibətlərin mövcud inkişaf səviyyəsindən razılığını ifadə edən A.Pildeqoviçs hazırda Avropa İttifaqı Şurasına sədrlik edən Latviyanın bir sıra tədbirlər keçirməyi planlaşdırdığını və Azərbaycanın sözügedən tədbirlərdə iştirakından məmnun olacaqlarını diqqətə çatdırıb. Yüksək səviyyəli dövlət rəsmilərinin səfər mübadiləsinin həyata keçirilməsinin ikitərəfli münasibətlərin inkişafında önəmini vurğulayan A.Pildeqoviç cari ildə bir sıra səfərlərin planlaşdırıldığını qeyd edib.

Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verən X.Xələfov Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını, təcavüz və etnik təmizləmə siyasəti nəticəsində bir milyondan çox azərbaycanlının fundamental hüquqlarının pozulduğunu, Avropa İttifaqında bu məsələyə münasibətdə ikili standartlara yol verildiyini, sözügedən münaqişənin regionda sülhə və təhlükəsizliyə ciddi təhdid yaratdığını bildirib. O, Aİ-nin bütün mövcud münaqişələrə münasibətdə vahid yanaşma göstərməsinin zəruriliyini xüsusilə qeyd edib.

A.Pildeqoviçs dövlətlərin ərazi bötüvlüyü və suverenliyinin Latviya üçün fundamental prinsip olduğunu vurğulayıb.

Görüş zamanı qarşılıqlı maraq kəsb edən regional və qlobal məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi