Yuxarı

ATƏT nümayəndələri Qazaxda ermənilərin atəş açdığı evə baxış keçiriblər

ATƏT nümayəndələri Qazax rayonunun cəbhə xəttinə yaxın yerləşən kəndlərinin sakinləri ilə görüşüblər

Bakı. 25 avqust. REPORT.AZ/ ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq avqustun 25-də Azərbaycanın Qazax rayonunun Məzəm kəndi yaxınlığındakı qoşunların təmas xəttində keçirilən monitorinq insidentsiz başa çatıb.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, monitorinqi Azərbaycan tərəfdən ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Jiri Aberle və Piter Svedberq keçiriblər. Təmas xəttinin qarşı tərəfində isə monitorinqə ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Yevgeni Şarov nəzarət ediblər.

Monitorinqdən sonra ATƏT nümayəndələri Qazax rayonunun cəbhə xəttinə yaxın yerləşən kəndlərinin sakinləri ilə görüşüblər.

ATƏT nümayəndələrinə atəşkəsin mütəmadi pozulmasından şikayətlənən sakinlər bildiriblər ki, ermənilər kəndləri, təsərrüfat sahələrini güllə atəşinə tutmaqla onların hər birinin həyatına təhlükə yaradırlar.

Sakinlər beynəlxalq nümayəndəliyin fəaliyyətinin nəticəsizliyindən də şikayət ediblər. 

“Keçirilən monitorinqlər hər dəfə nəticəsiz qalır. Artıq xalqın səbr kasası daşmaq üzrədir. İyirmi ildən artıqdır ki, torpaqlarımız düşmən tapdağı altındadır. Bir sıra beynəlxalq təşkilatlar tərəfindən Azərbaycana qarşı, münaqişənin həllinə ikili standartlar nümayiş etdirilir. Ermənistanın işğalçılıq siyasətinə son qoyulmalı və öz vətənində məcburi köçkünə çevrilən bir milyondan artıq insanın pozulmuş hüquqları bərpa olunmalıdır. Dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar ədalətli mövqe tutaraq işğalçıya öz yerini göstərməlidir”, - onlar vurğulayıblar.

Sonra ATƏT nümayəndələri Məzəm kəndinin sakini Sarif Rəhimovun evinə gələrək deyilənlərin həqiqət olduğunun şahidi olublar. Onlar evin divarlarında, hətta dəmir darvazasında ermənilər tərəfindən atılan çoxlu güllə izlərini əyani olaraq görüblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi