Yuxarı

XİN Almaniyada ermənilərin Qarabağla bağlı təxribatının qarşısının alınması barədə məlumat yayıb

XİN Almaniyada ermənilərin Qarabağla bağlı təxribatının qarşısının alınması barədə məlumat yayıb
© Report

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Almaniyada ermənilərin növbəti təxribatının qarşısının alınması barədə məlumat yayıb. 

"Report" xəbər verir ki, məlumatda deyilir: 

"Almaniyanın "EuroSchein-Souvenir GmbH" şirkətinə məxsus internet səhifəsində Azərbaycanın Ermənistan tərəfindən işğal olunan ərazilərindəki qondarma rejimə həsr olunan suvenir avro əsginazlarının dövriyyəyə buraxılacağı ilə bağlı elan yerləşdirilib və bununla bağlı mətbuatda məlumat yayılıb.  

Məsələ ilə əlaqədar ölkəmizin Almaniyadakı səfirliyi dərhal sözügedən şirkətin icraçı direktoru ilə əlaqə saxlayıb və ona etiraz məktubu ünvanlayıb. Ermənistan-Azərbaycan münaqişəsi, Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlarında işğalçı Ermənistan tərəfindən yaradılmış qondarma rejim və bu ərazilərdəki qanunsuz fəaliyyət barədə qarşı tərəfə ətraflı məlumat verilib. Şirkətdən qanunsuz rejimin təşviqinə xidmət edən addımlardan çəkinmək tələb olunub.

Müqabil tərəf müraciətimizə dərhal reaksiya verərək, yazılı cavab məktublarında buraxdıqları səhvə və səbəb olduqları narahatlığa görə üzr istəyib, müvafiq suvenir əsginasların dizaynının onlar tərəfindən deyil, lisenziya əsasında fəaliyyət göstərən digər şirkət tərəfindən tərtib olunduğunu bildiriblər. Buna baxmayaraq, müraciətimizdən sonra məsələnin aidiyyəti üzrə müzakirə edildiyi qeyd olunub və müvafiq suvenirlərin istehsal edilməməsi və bu barədə məlumatın (“link”in) internet səhifəsindən silinəcəyi vəd olunub.

Qeyd etmək istərdik ki, sözügedən məlumat artıq alman şirkətinin internet səhifəsindən silinib".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi