Meksikanın tanınmış “Canal Once” telekanalında Azərbaycanın bu ölkədəki səfirinin Ermənistanın son təxribatları ilə bağlı müsahibəsi yayımlanıb.
Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən “Report”a verilən məlumata görə, bu ölkənin çoxmilyonlu izləyici kütləsinə malik ən qədim televiziya kanallarından olan dövlət telekanalının “Xəbərlər” proqramında səfir Məmməd Talıbovun Ermənistanın son təxribatları ilə bağlı kanalın xarici siyasət üzrə tanınmış beynəlxalq şərhçisi Federiko Lamonta verdiyi müsahibə efirə verilib.
Müsahibədə 12 iyuldan etibarən Ermənistan silahlı qüvvələrinin növbəti dəfə atəşkəs rejimini pozaraq ordumuzun iki ölkə arasındakı dövlət sərhədinin Tovuz rayonu sahəsindəki mövqelərinə qəfil hücumlar təşkil etdiyini bildirən səfir qarşı tərəfin belə təxribatlar törətməkdə məqsədinin ilk olaraq, dünya ictimaiyyətinin diqqətini Azərbaycanın 20 faiz ərazisini işğal etməsi və bu torpaqlarda yaşayan bir milyona yaxın həmvətənimizə qarşı etnik təmizləmə aparması faktından yayındırmaq, habelə ATƏT-in Minsk qrupu çərçivəsində aparılan və onsuz da kövrək durumda olan danışıqlar prosesini sabotaj etmək olduğunu qeyd edib.
Diplomat bu təxribatın eyni zamanda daxili auditoriyaya da yönəlik bir addım olduğunu, bununla Ermənistan rəhbərliyinin xalqın diqqətini ölkədə mövcud olan son dərəcə ağır sosial-iqtisadi və siyasi vəziyyətdən yayındırmağa çalışmaq olduğunu deyib.
M.Talıbov Tovuz rayonu ərazisində törədilmiş son hərbi təxribatla Ermənistan tərəfinin həmin bölgədən keçən, Azərbaycanın başlıca iştirakçısı olduğu və bütün regionun inkişafında müstəsna rolu olan iri miqyaslı enerji və infrsatruktur layihələrinin təhlükəsizliyini də təhdid etdiyini qeyd edib.
Dağlıq Qarabağ münaqişəsinə dair BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş qətnamələrin Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş ərazilərinin dərhal və qeyd-şərtsiz azad edilməsini tələb etdiyini deyən M.Talıbov, bu sənədlərin qəbulundan 30 ilə yaxın bir müddət keçməsinə rəğmən, Ermənistanın həmin qətnamələrə məhəl qoymadığını bildirib.
Son olaraq, səfir beynəlxaq ictimaiyyətin çoxsaylı üzvləri kimi, Meksikanın beynəlxalq hüququ, bu xüsusda ölkələrin ərazi bütövlüyü, suverenliyi və beynəlxalq qaydada tanınmış sərhədlərinin toxunulmazlığı kimi əsas prinsipləri, habelə bu münaqişənin BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həllini dəstəklədiyini bildirib və ölkəmizin Meksika tərəfinin bu mövqeyini yüksək qiymətləndirdiyini qeyd edib.
Müsahibə ilə bağlı sujetdə Ermənistan silahlı qüvvələrinin artilleriya atəşi nəticəsində Tovuz rayonu ərazisində dağıntılara məruz qalmış dinc yaşayış məntəqələrinin görüntüləri də efirə verilib.