Fransanın Konyak şəhərində Xocalı soyqırımının qurbanları anılıb

Fransanın Konyak şəhərində Xocalı soyqırımının qurbanları anılıb Paris. 1 mart. REPORT.AZ/ Fransanın Konyak şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.
Qarabağ
1 Mart , 2019 20:54
Fransanın Konyak şəhərində Xocalı soyqırımının qurbanları anılıb
Report

Paris. 1 mart. REPORT.AZ/ Fransanın Konyak şəhərində Xocalı soyqırımının 27-ci ildönümü ilə bağlı anım mərasimi keçirilib.

“Report“un Qərbi Avropa bürosu xəbər verir ki, tədbir Azərbaycanın Fransadakı səfirliyi, bu ölkənin Konyak şəhər meriyası və Azərbaycanın Dostları Assosiasiyasının birgə təşkilatçılığı ilə baş tutub. 

Tədbiri Konyak şəhərinin meri Mişel Qurənşa açaraq Tovuz və Konyak şəhərləri arasında mövcud olan dostluq və əməkdaşlıq əlaqələri barədə məlumat verib. O bildirib ki, bu qardaşlaşma şəhərlər arasında əməkdaşlığın daha da genişlənməsinə imkan yaradıb.

Azərbaycan Dostları Assosiasiyasının sədri, Fransa parlamentinin sabiq üzvü Jan-Fransua Mansel səmimi qonaqpərvərliyə görə Konyak şəhərinin merinə minnətdarlığını bildirib.

Azərbaycanın Fransadakı səfirliyinin siyasi işlər üzrə müşaviri Vaqif Ağayev Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı törədilmiş Xocalı soyqırımının təfərrüatından və fəsadlarından danışıb. O, Xocalı soyqırımına dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsinin vacibliyini vurğulayaraq Xocalı haqqında həqiqətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırılması, bu faciənin xalqımıza qarşı soyqırımı aktı kimi tanınması üçün dövlətimizin bütün zəruri addımları atdığını bildirib. Fevralın 26-nın Azərbaycan tarixinə qara hərflərlə yazıldığını və 26 il əvvəl şəhid olmuş həmvətənlərimizin xatirəsinin xalqımızın yaddaşında əbədi olaraq yaşayacağını bildirib. O, Xocalı faciəsinin qurbanlarının xatirəsini yad edərək bu haqsızlığa beynəlxalq aləmdə hüquqi qiymət veriləcəyinə və işğal edilmiş regionda sülhün bərqərar olacağına ümid etdiyini bildirib.

Pyer Tilua Fransada və digər Avropa ölkələrində artıq bir neçə dəfə ifa olunmuş "Xocalı 613" əsərinin yaranma tarixi barədə fikirlərini bölüşüb. Müəllif qeyd edib ki, Azərbaycanı yaxından tanıdıqdan sonra ölkəmizə, sözün həqiqi mənasında, heyran olub. Bəstəkar Azərbaycanın ən ağrılı yaralarından olan Xocalı soyqırımı haqqında məlumat aldıqdan sonra "Xocalı 613" əsərini bəstələdiyini və soyqırım qurbanlarının acılarını musiqinin dili ilə ifa etdiyini diqqətə çatdırıb. O, bu əsərin sülhə və bir daha belə faciələrin törədilməməsinə bir çağırış olduğunu vurğulayıb.

Sonra Xocalı qətliamı qurbanlarının xatirəsinə həsr edilmiş konsert olub. Konsertdə Frans Şubertin, Moris Ravelin, Enrike Qranadosun bəstələri, eləcə də “Xocalı 613” əsəri səsləndirilib. Konserti Brüssel Konservatoriyasının gənc solistlərindən ibarət kvarteti solo ifaçıları, İngiltərədə yaşayıb fəaliyyət göstərən həmyerlimiz, skripkaçı Səbinə Rakçiyeva və Fransada yaşayan nəfəs alətləri ifaçısı Səddam Novruzbəyov müşaiyət edib.

Xatırladaq ki, 2014-cü ildə Azərbaycanın Tovuz və Fransanın Konyak şəhərlərinin qardaşlaşması haqqında protokol imzalanıb. 

Son xəbərlər

Orphus sistemi