Yuxarı
    Bağlamaq

    Azərbaycan Prezidenti: “Biz Çingizlə fəxr edirik” - VİDEO

    Prezident İlham Əliyev: “O, son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır”

    Bakı. 9 fevral. REPORT.AZ/ "Keçən il dekabrın 29-da əsgər Çingiz Qurbanov doğma torpağını müdafiə edərkən qəhrəmancasına həlak oldu. Çingiz böyük qəhrəmanlıq, igidlik göstərmişdir".

    "Report"un xəbərinə görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev fevralın 9-da Milli Qəhrəman Çingiz Qurbanovun ailə üzvləri ilə görüşdə deyib. 

    Dövlət başçısı qeyd edib ki, Çingiz düşmənlə üz-üzə qalaraq qeyri-bərabər döyüşdə bir daha düşmənə göstərdi ki, Azərbaycan əsgəri nəyə qadirdir: "Geri çəkilmədi, qorxmadı. Baxmayaraq ki, təkbaşına böyük diversant qrupu ilə üz-üzə qalmışdı. O, son nəfəsinə qədər vuruşmuş, bir neçə işğalçını məhv etmiş, şəhidlik zirvəsinə ucalmışdır. Biz Çingizlə fəxr edirik. Bütün Azərbaycan Çingizlə fəxr edir. O, bir daha göstərdi ki, Azərbaycan vətəndaşı, Azərbaycan gənci, Azərbaycan gəncləri bugünkü vəziyyətlə heç vaxt barışmayacaq. Bu bir daha göstərdi ki, Azərbaycan dövlətinin güclü əsgərləri var.

    Prezident İlham Əliyev bildirib ki, Çingiz Qurbanov böyük vətənpərvərlik, peşəkarlıq, rəşadət göstərmişdir: "Mənfur düşmən bu dəfə də öz qeyri-insani mahiyyətini bütün dünyaya göstərdi. Bir aydan çox müddətdə Çingizin nəşini qaytarmaq istəmirdilər. Azərbaycan dövləti çox böyük səylər göstərdi, eyni zamanda bizim beynəlxalq təşkilatlara müraciətlərimiz cavabsız qalmamışdır. Birgə səylərlə biz Çingizin nəşini vətənə qaytarmağa nail olduq. Bakıda təntənəli vida mərasimi keçirildi, ondan sonra Çingiz doğulduğu Qusar rayonuna aparıldı və orada təntənəli mərasimlə torpağa tapşırıldı. Fürsətdən istifadə edərək Qusar rayonunun bütün sakinlərinə öz hörmətimi bir daha ifadə etmək istəyirəm. Çingiz kimi qəhrəman övladı qusarlılar Azərbaycana bəxş edib".

    Dövlət başçısı vurğulayıb ki, Azərbaycan Çingizin simasında bir daha qəhrəmanlıq göstərdi: "Ermənistan bir daha gördü ki, hətta bir əsgərimiz onların canlı qüvvəsinə bərpaolunmaz zərbə vura bilər və belə də oldu.

    Biz öz torpağımızı müdafiə edirik. Bizim işimiz haqq işidir. Bu məsələdə - Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda bütün Azərbaycan cəmiyyəti birdir, həmrəylik göstərir, birlik göstərir. Bu, bizim ümumi məsələmizdir və biz haqlıyıq. Çünki həm tarix, həm beynəlxalq hüquq normaları bizim mövqeyimizi müdafiə edir. Eyni zamanda, bu gün Azərbaycan Ermənistan ilə müqayisədə qat-qat güclü ölkədir, özü də təkcə iqtisadi və hərbi potensialına görə yox. Bax, Çingiz kimi övladlarımız bizim üstünlüyümüzü bir daha göstərir. Onun üz-üzə qaldığı diversantların sayı 10-dan çox idi. Yəqin Çingiz bilirdi ki, o, ölümə gedir. Yəqin bilirdi ki, o, qeyri-bərabər döyüşdən salamat çıxmayacaq. Ancaq buna baxmayaraq, o, Vətən torpağını müdafiə etmək üçün ölümə getdi və şəhidlik zirvəsinə qalxdı".

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Bu xəbər həm də başqa dillərdə mövcuddur:

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi