Azər Kərimli: "ATƏT-in Minsk Qrupunda Fransanı rotasiya qaydasında İtaliya əvəz edə bilər"

Azər Kərimli: "ATƏT-in Minsk Qrupunda Fransanı rotasiya qaydasında İtaliya əvəz edə bilər" Həmsədrlər Ermənistanın iddialarına bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verirlər
Dağlıq Qarabağ münaqişəsi
709
8 İyul , 2020 17:14
Azər Kərimli: ATƏT-in Minsk Qrupunda Fransanı rotasiya qaydasında İtaliya əvəz edə bilər

“Prezident İlham Əliyev televiziya kanallarına müsahibəsində ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyi ilə bağlı mühüm məqamlara və həmsədrlərin münaqişənin real şəkildə tənzimlənməsindən daha çox sanki prosesin davam etdiyi barədə görüntü yaratmaq istədiklərinə diqqət çəkdi. Bu isə, şübhəsiz, ATƏT-in Minsk Qrupu həmsədrlərinin münaqişənin həllinə heç bir töhfə vermədiyi barədə olduqca obyektiv və hərtərəfli bir dəyərləndirmədir”.

Bunu "Report"a Azərbaycanın Avronest Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri, deputat Azər Kərimli deyib.

Deputatın sözlərinə görə, ATƏT-in Minsk qrupunun həmsədrləri Ermənistanın danışıqlar prosesinin pozulmasına yönəlmiş təxribat xarakterli addımlarına münasibətdə nəinki beynəlxalq təzyiq mexanizmlərinin hərəkətə gətirilməsinə səy göstərir, hətta işğalçı ölkənin əməllərini pisləməkdən belə çəkinirlər:

“Cənab Prezidentin qeyd elədiyi kimi, Azərbaycan ATƏT-in Minsk Qrupunun həmsədrlərindən daha ciddi, konkret və məqsədə ünvanlanmış bəyanatlar gözləyir. Amma təcrübədə biz bunun əksini görürük, həmsədrlər Ermənistanın iddialarına bəzi mücərrəd sözlərlə, nala-mıxa vurmaqla cavab verirlər”.

Azər Kərimli qeyd edib ki, bütün digər beynəlxalq təsisatlarda olduğu kimi, ATƏT-in Minsk Qrupunda da həmsədr ölkələr rotasiya qaydasında dəyişməlidir:

“Necə olur ki, ATƏT-in özündə bu təşkilatda sədrlik edən ölkələr rotasiya qaydasında dəyişirlər, amma bu təşkilatın təsisatı olan Minsk Qrupunda həmsədr ölkələr olduğu kimi qalır və heç vaxt əvəz olunmurlar?”

Parlamentari Minsk qrupunda həmsədrlər, münaqişə tərəfləri ilə yanaşı, İtaliya, Türkiyə, Almaniya, Belarus, Niderland, Portuqaliya, Finlandiya kimi ölkələrin təmsil olunduğunu da xatırladıb:

“Məsələn, həmsədrlik insitutunda Avropa Birliyini təmsil edən Fransanı rotasiya qaydasında İtaliya əvəz edə bilər. Digər həmsədrlərin də rotasiya qaydasında dəyişdirilməsi vacibdir”.

Azər Kərimli
Azər Kərimli