Yuxarı

“7-ci erməni oyunları”nda BƏƏ-nin iştirak etmədiyi məlum olub

“7-ci erməni oyunları”nda BƏƏ-nin iştirak etmədiyi məlum olub

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Leyla Abdullayeva Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilmiş “7-ci erməni oyunları”nın açılış mərasimində Nikol Paşinyanın çıxışı zamanı sözügedən oyunlarda ilk dəfə olaraq bəzi ölkələrin, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin də iştirak etməsi barədə iddiasına münasibət bildirib.

"Report"un L.Abdullayevaya sualını və onun cavabını təqdim edirik:

Sual: "Ermənistanın Baş naziri Nikol Paşinyanın 6 avqust 2019-cu il tarixində Azərbaycanın işğal olunmuş Xankəndi şəhərində keçirilmiş “7-ci erməni oyunları”nın açılış mərasimində çıxışı zamanı sözügedən oyunlarda ilk dəfə olaraq bəzi ölkələrin, o cümlədən Birləşmiş Ərəb Əmirliklərinin də iştirak etməsini qeyd etmişdi. Bu xüsusda, həmin ölkələrin Azərbaycanın işğal olunmuş ərazilərində keçirilən bu tədbirə qatılması ilə bağlı hansı tədbirlər görülüb?"

Cavab: "İlk dəfə deyil ki, Ermənistan rəsmilərinin həqiqəti əks etdirməyən bəyanatları ilə üzləşirik. Qeyd etdiyiniz məsələ ilə bağlı ölkəmizin Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfirliyi bu ölkənin Xarici İşlər Nazirliyinə nota ünvanlayıb və cavab notasında BƏƏ XİN-i bildirib ki, Dağlıq Qarabağ ərazisində keçirilən tədbirdə heç bir BƏƏ vətəndaşı iştirak etməyib. Göründüyü kimi, Ermənistan tərəfi həqiqətə uyğun olmayan məlumatları məqsədyönlü şəkildə yayaraq, qanunsuz separatçı rejimin guya ki, “tanınması” görüntüsünü yaratmaq istəyir. Öz növbəsində, bütün bu kimi cəhdlər sonda yayılan yalan məlumatların ifşası ilə nəticələnir".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi