Yalçın Rəfiyev: COP29-un yekununda yeni maliyyə hədəfi üzrə qərarın qəbulunu gözləməyə dəyər

Yalçın Rəfiyev: COP29-un yekununda yeni maliyyə hədəfi üzrə qərarın qəbulunu gözləməyə dəyər İnkişaf etmiş dövlətlər iqlim fəaliyyəti sahəsdində ambisiyiaların həyata keçirilməsini təmin edəcək yeni maliyyə hədəfinin 100 milyard dollardan cüzi artmasını istəyirlər, çünki mövcud rəqəmin əhəmiyyətli artımı onların iqtisadiyyatları üçün ciddi təhdi
COP29
23 Sentyabr , 2024 16:30
Yalçın Rəfiyev: COP29-un yekununda yeni maliyyə hədəfi üzrə qərarın qəbulunu gözləməyə dəyər

İnkişaf etmiş dövlətlər iqlim fəaliyyəti sahəsdində ambisiyiaların həyata keçirilməsini təmin edəcək yeni maliyyə hədəfinin 100 milyard dollardan cüzi artmasını istəyirlər, çünki mövcud rəqəmin əhəmiyyətli artımı onların iqtisadiyyatları üçün ciddi təhdid yarada bilər.

Bu barədə “Report”a müsahibəsində Azərbaycan Respublikası xarici işlər nazirinin müavini və COP29-un baş danışıqçısı Yalçın Rəfiyev danışıb.

O qeyd edib ki, hazırda həmin qərar layihəsi üzrə bir çox elementlər müzakirə edilir və bu elementlərdən biri iqlim maliyyələşdirilməsi ilə bağlı inkişaf etməkdə olan dövlətlərə ayrılacaq konkret illik məbləğin razılaşdırılmasıdır:
“Burada dövlətlər arasında fərqli mövqelər və fikirlər var. İnkişaf etməkdə olan dövlətlər hesab edirlər ki, bu rəqəm trilyonlarla ölçülməlidir, çünki son 15 ildə iqlimdə baş verən radikal dəyişikliklərin mahiyyəti və onlara qarşı zəruri olan cavab tədbirləri 100 milyard ABŞ dollarından çox daha böyük miqdarda vəsait tələb edir. İnkişaf etmiş dövlətlərin mövqeyi isə belədir ki, mövcud məbləğ (100 milyard ABŞ dolları) cüzi artırılsın”.

Y.Rəfiyevin sözlərinə görə, inkişaf etmiş dövlətlər həmçinin hesab edir ki, bu rəqəmin artımı vəsaiti təmin edən dövlətlərin sıralarının genişlənəcəyi və bu siyahıya inkişaf etməkdə olan, ancaq əhəmiyyətli maliyyə imkanlarına malik dövlətlərin daxil ediləcəyi halda mümkün ola bilər:
“Onlar bu fikirlə, əsasən, Çini, Səudiyyə Ərəbistanını, Birləşmiş Ərəb Əmirliklərini, Sinqapuru, Koreya Respublikasını və digər dövlətləri nəzərdə tuturlar. Azərbaycan da çalışır ki, bu istiqamətdə tərəfləri bir araya gətirsin və yekun qərarın verilməsi üçün ortaq məxrəc tapılsın. Ümumilikdə, aparılan danışıqlarda indiyə qədər mövcud olan konstruktiv mühit onu deməyə əsas verir ki, COP29-un yekununda müvafiq məsələ üzrə qərarın qəbulunu gözləməyə dəyər”.
Baş danışıqçı vurğulayıb ki, əslində, yekunda qəbul olunacaq qərar heç də bütün dövlətləri qane etməyəcək: “Ancaq çoxtərəfli danışıqlarda əsas olan bütün dövlətlərin razılaşdığı və bəzən nələrisə güzəştə getdiyi yekdil qərarın qəbul edilməsidir”.

Müsahibənin tam mətnini buradan oxuya bilərsiniz.

Son xəbərlər

Orphus sistemi