Şirin su ekosistemlərinin qorunması iqlim dəyişikliyi ilə mübarizədə əsas şərtdir.
"Report" xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının Ətraf Mühit Proqramının (UNEP) Şirin Su Ekosistemləri və Bataqlıqlar Bölməsinin rəhbəri Diana Kopanski COP29 çərçivəsində təşkil olunmuş "İqlim üçün su: Su məsələlərinin NDC-lərə və NAP-lara inteqrasiyası" adlı tədbirdə bildirib.
"Qlobal temperatur artımını 1,5 dərəcə səviyyəsində saxlamaq üçün şirin su ekosistemlərinin qorunması vacibdir. Torf əraziləri dünyadakı torpaqların yalnız 3 %-ni əhatə etsə də, dünya meşələrində saxlanılan karbonun iki qatını özündə saxlayır. Su sevən bu ekosistemlərin qorunması karbonun tutulması və təmizlənməsi üçün həyati əhəmiyyət kəsb edir”, – deyə o qeyd edib.
UNEP rəsmisi əlavə edib ki, iqlim dəyişikliyinə uyğunlaşma və həll yollarının potensialı geniş olsa da, bu istiqamətdə daha intensiv fəaliyyətlərə ehtiyac var: “UNEP tərəfdaşlarla birgə ölkələrin milli uyğunlaşma planlarını və milli müəyyən edilmiş töhfələrini (NDC) təkmilləşdirmək üçün dəstək verir”.
D.Kopanski həmçinin, Uruguay və Vanuatu kimi ölkələrdə su ehtiyatlarının idarə edilməsi və ekosistemlərin bərpası istiqamətində həyata keçirilən tədbirləri nümunə göstərərək bu yanaşmanın iqlim dəyişikliyinə uyğunlaşma və təbii fəlakətlərin qarşısını almaqda əhəmiyyətini vurğulayıb.
O, gələcəkdə "yaşıl iş yerləri"nin yaradılmasının vacibliyinə də diqqət çəkib: “Təbiəti qorumaq və ekosistemləri idarə etmək məqsədilə yeni iş yerləri yaradılmalı və bu fəaliyyətlər dəyərli hesab olunmalıdır”.
Qonaq inteqrasiya olunmuş su ehtiyatlarının idarə edilməsi (IWRM) metodunun iqlim dəyişikliyi, təbiət itkisi və çirklənmə ilə mübarizədə əsas vasitə olduğunu qeyd edərək, ölkələri bu yanaşmanı milli strategiyalarına daxil etməyə çağırıb. O vurğulayıb ki, şirin su ekosistemlərinin qorunması yalnız yerli icmaların rifahına deyil, beynəlxalq əməkdaşlıq və iqtisadi inkişafın dayanıqlılığına da mühüm töhfə verir.