Dəmir yolu infrastrukturlarına sərmayələrin artırılması iqlim dəyişikliklərinin təsirlərinə qarşı mübarizədə vacib addımlardan biridir.
“Report” xəbər verir ki, bunu Beynəlxalq Dəmir Yolları İttifaqının (UIC) sədri və Polşa Dəmir Yolları İdarəsinin baş direktoru Alan Boduard COP29 çərçivəsində keçirilən “Nəqliyyat dəhlizləri ilə dayanıqlı gələcəyə doğru: İqlim siyasətində dəmir yolları” adlı tədbirdə deyib.
A.Boduard qeyd edib ki, Polşada baş verən təbii fəlakətlər dəmir yollarının dayanıqlığının artırılmasının əhəmiyyətini daha da qabardır:
“Bu il ölkədə 4000-5000 km-dən artıq yağıntı qeydə alınıb, bu da daşqınlara və infrastrukturun genişmiqyaslı zərər görməsinə səbəb olub. İqlim dəyişikliklərinə uyğunlaşmaq üçün infrastrukturumuza davamlı sərmayələr yatırılır, müasir texnologiyalardan istifadə edilir və risklərin idarə olunması üçün innovativ yanaşmalar tətbiq edilir”.
UIC tərəfindən yayımlanan “Gələcəkdəki Dəmir Yolları” adlı tədqiqatda dəmir yollarının davamlılıq və uyğunlaşma sahəsində əsas rol oynayacağı vurğulanıb. A.Boduard bu tədqiqatın nəticələrini əsas gətirərək qeyd edib ki, milli uyğunlaşma planlarında dəmir yolları üçün konkret siyasətlər və prioritetlər müəyyən edilməlidir. O, həmçinin, ekstremal hava hadisələrindən sonra bərpa işləri üçün maliyyə dəstəyi və iqlimə uyğun texnologiyaların tətbiqinin əhəmiyyətini vurğulayıb.
“Dəmir yolları həm yüksək tutumlu, həm də az karbonlu bir həll olaraq iqlim böhranının həllində kritik rol oynayır. Nəqliyyat sektoru qlobal enerji ilə bağlı istixana qazı emissiyalarının 24 %-nə cavabdehdir. Bu baxımdan dəmir yolu infrastrukturlarına sərmayələrin artırılması qaçınılmazdır,” - deyə A.Boduard bildirib.
UIC rəhbəri əlavə edib ki, dəmir yolları ətraf mühitə minimal təsir göstərməklə regionları birləşdirmək və karbon emissiyalarını azaltmaq potensialına malikdir:
“Dəmir yollarının emissiyaların azaldılmasında oynadığı mühüm rolu nəzərə alaraq, birgə səylərlə daha dayanıqlı nəqliyyat sistemləri qurmaq mümkündür. Bu yalnız qlobal əməkdaşlıq yolu ilə reallaşa bilər”.