Səhiyyə və COP29 - MƏQALƏ

Səhiyyə və COP29 - MƏQALƏ Dünyada elə bir insan və ya ölkə yoxdur ki, iqlim dəyişikliyindən təsirlənməsin.
COP29
29 Fevral , 2024 16:32
Səhiyyə və COP29 - MƏQALƏ

Dünyada elə bir insan və ya ölkə yoxdur ki, iqlim dəyişikliyindən təsirlənməsin. İqlim dəyişikliyinin fəsadları sadalamaqla bitməz, bu uzunmüddətli proses olaraq ilk dəfə 1750-ci illərdə insanların neft, qaz, kömürü intensiv yandırması nəticəsində və 1950-ci illərdə avtomobillərdən çox istifadə edilməsi ilə bağlı atmosferdə karbon qazının səviyyəsinin artması ilə bağlıdır.

Buzlaqların əriməsi 2011-2020-ci illər arasında əvvəlki 10 illərlə müqayisədə 75% artıb. 2023-cü il dünyanın ən isti ili olub. İnsanlar, ekosistem və infrastruktur təhlükə altındadır.

İqlim dəyişikliyi sağlamlıq mövzusunda tədbirin keçirilməsi və yeni bəyannamənin qəbul olunması. COP28 çərçivəsində 120 ölkənin imza atdığı iqlim dəyişikliyi və Səhiyyə adlı bəyannamə iqlim dəyişikliyi proseslərinin insanlar, heyvanlar, bitki örtüyünün gördüyü zərər – həmçinin vahid səhiyyə (OneHealth) yanaşması diqqət çəkir. COP28 çərçivəsində keçirilmiş xüsusi səhiyyə forumunda iqlim dəyişikliyinin araşdırılmış səhiyyə fəsadları təqdim edilmişdi.

Antimikrobial rezistentliklə (AMR) mübarizə BMT-in Ətraf Mühit Proqramının (UNEP) əsas tərkib hissəsidir. AMR-lə bağlı UNEP illik hesabat təqdim edir. Ətraf mühitin AMR-nin yayılmasında əsas rol oynadığına dair sübutlar var. Onun yayılması iqlim dəyişikliyi, təbiət və biomüxtəlifliyin itməsi, çirklənmə və tullantıların böhranı ilə əlaqələndirilir. Həmçinin, ət istehsalı müəssisələri, xəstəxanalar və əczaçılıq şirkətləri də daxil olmaqla dərmanlarla dolu tullantı suları AMR-i artıra bilər.

Məsələn, yüksək temperatur, tufanlar, daşqınlar bakterial, viral, parazitar, göbələk və vektor yoluxucu xəstəliklərin yayılmasına təkan verə bilər. Buzlaqlarda milyon illərlə yatmış virusların, daşqınların baş verdiyi ölkələrdə yaranan bakterioloji xəstəliklər, malariyanın yayılması məhz iqlim dəyişikliyinin nəticəsidir.

Qlobal səhiyyə COP çərçivəsində prioritet olmalı və hökumətlər, bizneslər üçün əsas göstərici rolunu oynamalıdır. Qlobal səhiyyə ictimaiyyəti iqlim dəyişikliyinin təsirlərinə cavab verməkdə və qlobal sağlamlıq təhlükəsizliyinin yaxşılaşdırılmasına töhfə verməkdə mühüm rola malikdir. Ölkələrin səhiyyə sistemlərinin iqlim dəyişikliyinə uyğunlaşma imkanlarının asanlaşdırılmasına ehtiyac var. İqlim dəyişməsi fonunda səhiyyə sistemlərində zəiflik olan ölkələr üçün yol xəritəsi hazırlanmalı və təsirləri daha yaxşı başa düşmək və yumşaltmaq üçün innovasiyalardan, o cümlədən qabaqcıl modelləşdirmə, simulyasiya və süni intellektdən istifadə artırılmalıdır.

COP28 çərçivəsində “Səhiyyə və İqlim dəyişikliyi” adlı bəyannamənin dünyanın 120-dən çox ölkəsi tərəfindən qəbul edilməsi COP-lar tarixində yaşanan ilklərdən biri idi. Bu bəyannamə sağlamlıqla bağlı ümumi məqsədləri qeyd etsə də, konkret hədəfləri ilə xəstəliklərin eliminasiyasını özündə ehtiva etmir. Bu da bu Bəyannamə ilə həyata keçirilməsi vacib olan fəaliyyətlərin və məqsədlərin implementasiyasını ölçməyi çətinləşdirir.

Bəyannamənin hədəflərinin əsas qlobal səhiyyə aktorlarının və cəmiyyətlərinin mənalı iştirakı ilə gücləndirilməsinə ehtiyac var. Ölkələr bəyannamədə qeyd olunan öhdəlikləri öz səhiyyə sistemlərinə inteqrasiya etməli, qeyd olunan hədəfləri milliləşdirməlidir. Təbii ki, aşağı və orta gəlirli ölkələr üçün səhiyyə sistemlərinin iqlim dəyişikliyinə uyğunlaşdırılması yeni maliyyə imkanları tələb edir. Bu baxımdan, mövcud səhiyyə fondlarının, ekofondların, “Global Stocktake” vəsaitinin bir hissəsinin bu istiqamətə yönəldilməsi problemin həllinə dəstək ola bilər.

Dünya ölkələri unutmamalıdır ki, 2019-cu ilin sonlarından başlayaraq üç il ərzində dünya iqtisadiyyatına zərbə vuran COVID19 pandemiyası ölkələrin səhiyyə sistemlərinin zəiflikləri və hazırlıqsızlığı nəticəsində geniş yayıldı və böyük insan tələfatına səbəb oldu. Bu baxımdan növbəti pandemiyalara hazırlıq və cavab tədbirlərinin gücləndirilməsi beynəlxalq iqlim danışıqlarının mərkəzində dayanan məsələlərdən biri olmalıdır.

Çünki səhiyyə sahəsində COP yoxdur və BMT çərçivəsində keçirilən səhiyyə tədbirləri bu dərəcədə populyar və mötəbər deyil ki, orada dövlət başçıları iştirak etsin, aylarla gündəm olsun və ən böyük maliyyəni cəlb etsin. Bəzi filantropist fondlar hesab edirlər ki, səhiyyə COP-u yaratmaq lazımdır. Lakin düşünürəm ki, səhiyyəni bu COP-a birləşdirmək daha məqsədəuyğun olardı.

COP29-un Təşkilat Komitəsinin üzvü, “Environmental Protection First” Koalisiyasının həmtəsisçisi Pərvanə Vəliyeva

Son xəbərlər

Orphus sistemi