DB-nin regional direktoru: Xəzərin səviyyəsinin azalması sahilyanı ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir

DB-nin regional direktoru: Xəzərin səviyyəsinin azalması sahilyanı ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir Xəzər dənizinin səviyyəsinin azalması sahilyanı ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir.
COP29
18 Noyabr , 2024 11:16
DB-nin regional direktoru: Xəzərin səviyyəsinin azalması sahilyanı ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir

Xəzər dənizinin səviyyəsinin azalması sahilyanı ölkələrin iqtisadiyyatına mənfi təsir göstərir.

“Report” xəbər verir ki, bunu Dünya Bankının (DB) Cənubi Qafqaz üzrə regional direktoru Roland Prays COP29 çərçivəsində Xəzər dənizinin dayazlaşması ilə bağlı məsələlərə həsr olunmuş tədbirdə bildirib.

"Dünya Bankı bu təsirləri yumşaltmaq və Xəzəryanı dövlətlərin potensialını artırmaq üçün onlara dəstək verməyə hazırdır", - o bildirib.

DB rəsmisinin sözlərinə görə, Xəzər dənizində su səviyyəsinin davamlı azalması təkcə ekoloji problem deyil, həm də iqtisadi inkişafın məhdudlaşdırılmasıdır: "Su səviyyəsinin azalması artıq sahilyanı ölkələrin iqtisadiyyatına təsir göstərir. Bəzi gəmilər tutumunun yalnız 50 %-i qədər yüklənə bilər. Quraşdırılmış avadanlıqların və tikilmiş infrastrukturun bir hissəsi artıq istifadəyə yararsız hesab edilir. Bu səbəbdən Dünya Bankının tədqiqatı, eyni zamanda mövcud şəraitdə limanların və gəmiçiliyin dayanıqlılığını artırmaq üçün həyata keçirilə biləcək tədbirlərin müəyyənləşdirilməsinə yönəlib".

R.Prays əlavə edib ki, region üçün əsas məqam Xəzər dənizi ölkələrinə bu su hövzəsindəki su səviyyələrinin yumşaldılması və uyğunlaşdırılması üçün aralıq tədbirlər görməyə imkan verəcək monitorinq mexanizminin yaradılmasıdır.

Onun sözlərinə görə, Dünya Bankı və BMT-nin Ətraf Mühit Proqramı (UNEP) hazırda iştirakçı ölkələrin Xəzər dənizinin biomüxtəlifliyinin qorunması ilə bağlı iştirakçı ölkələrin potensialını gücləndirmək olan yeni layihənin hazırlanmasında əməkdaşlıq edir: "2025-ci il iyulun 20-də təsdiqlənməsi gözlənilən Xəzər dənizi üzrə layihənin icmalı ölkələrə biomüxtəlifliyin qorunmasının yaxşılaşdırılmasında və s. kömək etməyə yönəlib. Bu, üç iştirakçı ölkənin - Azərbaycan, Qazaxıstan və Türkmənistanın potensialının gücləndirilməsi yolu ilə əldə ediləcək".

R.Prays vurğulayıb ki, layihə ölkələrin Tehran Konvensiyası və onunla bağlı protokollar üzrə öhdəliklərinin yerinə yetirilməsi üzrə cari səylərini tamamlayır: "Milli səviyyədə layihə üç ölkəyə çirklənmənin monitorinqi üçün yeni protokolların hazırlanmasında və s. dəstək göstərəcək".

Son xəbərlər

Orphus sistemi