Azərbaycan hökuməti bərpa olunan enerjinin ixracı üçün "yaşıl dəhliz" anlayışı üzərində düşünür.
“Report” xəbər verir ki, bunu Energetika Nazirliyi yanında Bərpa Olunan Enerji Mənbələri Dövlət Agentliyinin (BOEMDA) direktor müavini Rəna Hümbətova COP29 çərçivəsində təşkil olunmuş "Bərpa Olunan Enerjiyə İnvestisiya: Davamlı Gələcəyə Aparan Yollar" mövzusunda tədbirdə bildirib.
"Azərbaycan Gürcüstan, Rumıniya, Macarıstan və Bolqarıstanla strateji tərəfdaşlıq sazişləri imzalayıb. Bu layihə bizim üçün çox vacibdir, çünki o həm yerli biznesə, həm də xarici investorlara imkanlar yaradacaq, eyni zamanda Azərbaycandan "yaşıl enerji"nin ixracı üçün nəzərdə tutulub. Layihə "yaşıl molekul"lar daxil olmaqla, 4 giqavat "yaşıl enerji"nin ixracını nəzərdə tutur. Amma bunun üçün infrastrukturqurmaq lazımdır. Odur ki, bizə həm xarici, həm də yerli investisiyalar lazımdır", - deyə o qeyd edib.
Bundan başqa, BOEMDA rəsmisinin sözlərinə görə, ötən gün ikinci strateji tərəfdaşlıq sazişi imzalanıb: "Bu, Qazaxıstan, Özbəkistan və Azərbaycan ərazisindən keçən "yaşıl dəhliz"lə bağlıdır. Artıq bununla bağlı Azərbaycanda müştərək müəssisənin yaradılmasına qərar verilib. Beləliklə, bu layihə "Azure Vision" sənayesi üçün çox perspektivli olacaq. Həm də bura çox vacib "yaşıl elektrik və yaşıl hidrogen" komponenti daxildir. Bu, Xəzər dənizi vasitəsilə növbəti subsidiyalaşdırılan layihə ola bilər".