İnkişaf etmiş ölkələr COP29-da inkişaf etməkdə olan böyük iqtisadiyyatların iqlim dəyişikliyinin təsirinə həssas olan ölkələrə maliyyə yardımı göstərməsinin zəruriliyini fəal şəkildə təbliğ edirlər.
“Report” xəbər verir ki, bunu “İnterfaks”a Rusiya Prezidentinin davamlı inkişaf məqsədlərinə nail olmaq üçün beynəlxalq təşkilatlarla əlaqələr üzrə nümayəndəsi Boris Titov bildirib.
"İnkişaf etməkdə olan ölkələrin bir trilyon dollar tələb etdiyini, Aİ-nin isə ildə 300-400 milyard dollar hədəfinə yalnız inkişaf etməkdə olan ölkələrin donorlar siyahısına daxil edilməsi ilə çatmağın mümkün olduğunu bildirməsini nəzərə alsaq, cəhdlər həqiqətən aktivdir ", - o, Bakıda keçirilən COP29 kuluarlarında bildirib.
Xüsusi nümayəndənin sözlərinə görə, "donorlar" siyahısına daxil edilmə ilə bağlı müzakirələr, ilk növbədə, Çin və Səudiyyə Ərəbistanına aiddir.
Xəbər verildiyi kimi, COP29 "maliyyə sammiti" adlandırılıb: danışıqçıların əsas vəzifələrindən biri az inkişaf etmiş və inkişaf etməkdə olan ölkələrin iqlim böhranının nəticələri ilə mübarizədə ehtiyaclarının maliyyələşdirilməsi üzrə yeni kollektiv hədəfi (NCQG) müəyyən etməkdir.
“Əgər 100 milyard ABŞ dolları məbləğində köhnə hədəfi (2009-cu ildə COP15-də müəyyən edilmişdi) xatırlasaq, buna ilk dəfə 2023-cü ildə nail olunub. Yeni kəmiyyət hədəfi müəyyən edilsə belə, heç kim onun yerinə yetirilməsinə zəmanət verməz. Bu halda əlçatmaz hədəflər qoymağın nə mənası var?", - B.Titov əlavə edib.