ABŞ-nin Bakıda təşkil olunacaq COP29 çərçivəsində tədbirin ilk günlərində Çin və Azərbaycanla metan və qeyri-CO2 qazları üzrə sammitin keçirilməsinə dair razılaşması var.
“Report” xəbər verir ki, bunu ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi müşaviri Con Podesta azərbaycanlı jurnalistlər üçün keçirdiyi brifinqdə deyib.
“Bu qeyri-karbon qazlarına az diqqət yetirilir, lakin qlobal istiləşmənin yarısını onlar təşkil edir. Buna görə də ölkələrin metan, azot oksidi, hidroflüorokarbonlar və digər istixana qazları kimi qazları azaltması üzrə yeni öhdəliklər götürmələrini təmin etmək üçün əməkdaşlıq etmək istəyirik. Yüksək dərəcədə inteqrasiya olunmuş karbon bazarlarının düzgün işləməsini və ölkələr arasında düzgün uçotun aparılması vədlərinin təmin edilməsi üçün bu mərhələdə (COP-da – red.) Paris Sazişinin 6-cı maddəsi kimi tanınan razılaşmaları bitirmək istəyirik. Düşünürəm ki, görüşdə bu mövzuda irəliləyiş əldə etdik”, - o bildirib.
Podestanın sözlərinə görə, bu konfransın ən mühüm nəticələrindən biri NCQG adlanan yeni kollektiv maliyyə məqsədi olacaq: “Bu, 2015-ci ildə Fransada Paris Sazişinə əsasən razılaşdırılmış illik 100 milyard dollarlıq öhdəliyin davamıdır. Tərəflər razılaşıb ki, 2025-ci ilə qədər yeni kollektiv kəmiyyət sazişi ilə çıxış edəcəyik. Pre-COP-da bu baxımdan məhsuldar müzakirələr apardıq”.