Bu ilin noyabrında Azərbaycanın paytaxtı Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) iqlim fəaliyyəti və maliyyələşdirmə arasında fərqi aradan qaldırmaq üçün yeganə şansdır.
“Report” xəbər verir ki, bunu Millətlər Birliyi təşkilatının (“Commonwealth”) Baş katibi Patrisia Skotlend “Press Trust of India” nəşrinə müsahibəsində bildirib.
Onun sözlərinə görə, bu, ölkələr arasında etimadın bərpası və insanların həyat və həyat şəraitlərinin qorunması üçün vacibdir.
“Əsas qalıq yanacaq istehsalçısı kimi rolunun dayanıqlı enerjiyə dair qlobal ehtiyacla balanslaşdırmaq baxımından Azərbaycandan böyük gözləntilər var. Ümid edirik ki, Azərbaycan qalıq yanacaqlardan asılılığın azaldılması ilə bağlı faydalı və praktiki müzakirələrin aparılması üçün liderliyindən istifadə edəcək”, - o vurğulayıb.
Baş katib iqlim dəyişikliyi probleminin həlli istiqamətində ölkələrin birlikdə fəaliyyət göstərməli olduğunu qeyd edib: “Qlobal səviyyədə həll olmadan, bu problemi aradan qaldırmaq mümkün deyil. İnkişaf etmiş ölkələr və böyük istehsalçılar bu məsələni ciddi qəbul etməlidir. Çünki COP29 çərçivəsində inkişaf etməkdə olan ölkələrin uyğunlaşması üçün əlverişli iqlim maliyyəsi təmin edilməlidir”.
P.Skotlend əlavə edib ki, iqlim böhranına tarixən cavabdeh olan inkişaf etmiş ölkələr 2009-2020-ci illərdə inkişaf etməkdə olan dövlətlərə iqlim dəyişikliyinin öhdəsindən gəlməyə kömək etmək üçün ildə 100 milyard ABŞ dolları səfərbər etməyi vəd etmişdilər: “Lakin maliyyə yardımının əksəriyyəti kasıb ölkələrin borc yükünü artıraraq kreditlər şəklində verildiyi üçün bu məqsədə tam nail olunmayıb. Bu ölkələrin iqlim böhranı ilə effektiv mübarizə aparmaq üçün hazırda trilyonlarla dollar məbləğində maliyyə yardımına ehtiyacı var”.
BMT-nin İqlim Dəyişiklikləri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) Maliyyə üzrə Daimi Komitəsinin məlumatına görə, 2030-cu ilə qədər inkişaf etməkdə olan ölkələrin Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr (NDC) çərçivəsində qarşıya qoyduğu hədəflərə nail olması üçün 5,8 trilyon - 11,5 trilyon ABŞ dolları maliyyə vəsaiti tələb olunacaq.
Xatırladaq ki, COP29 noyabrın 11-dən 22-dək Bakı şəhərində keçiriləcək. Bu qərar 2023-cü il dekabrın 11-də Dubayda keçirilən COP28-in plenar iclasında qəbul edilib. Tədbir çərçivəsində Azərbaycanın paytaxtı 70-80 minə yaxın xarici qonaq qəbul edəcək.