Nazir: “Türk dövlətləri qlobal miqyasda böyük təsir və iqtisadi gücə malikdirlər”

Nazir: “Türk dövlətləri qlobal miqyasda böyük təsir və iqtisadi gücə malikdirlər” Gözləyirik ki, biznes ictimaiyyəti güclü tərəfdaşlıqlar quracaq və ölkələrimizin nümunəvi təcrübə və texnologiyalarını işğaldan azad edilmiş ərazilərdə tətbiq edəcək
COP29
19 Noyabr , 2024 13:31
Nazir: “Türk dövlətləri qlobal miqyasda böyük təsir və iqtisadi gücə malikdirlər”

Türk dövlətləri qlobal miqyasda böyük təsir və iqtisadi gücə malikdirlər.

"Report" xəbər verir ki, bunu Azərbaycanın kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 çərçivəsində təşkil edilən "Türk Dövlətləri Təşkilatının İqlimə Dayanıqlı Ağıllı Kəndlər üzrə Nazirlər Sessiyasında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, mexanizmlər iqlim dəyişikliyi ilə bağlı problemlərin həllində sinergiyaları gücləndirmək üçün müxtəlif sektorlardan siyasət və strategiyaların inteqrasiyasını asanlaşdıracaq: “Bu gün bizim dəstəklədiyimiz təşəbbüslərdən biri də Türk Dövlətləri Təşkilatının İqlimə Dayanıqlı Kəndlər Forumunun başlanılmasıdır. Türk Dövlətləri Təşkilatı ilə əlaqələrin möhkəmləndirilməsi Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən biridir. Ölkələrimizin kənd təsərrüfatı sahəsində böyük iqtisadi potensialı var. Kənd təsərrüfatı və ticarət uzun və firavan məşğulluq tarixi ilə öyünən iqtisadiyyatımızın davamlı sektorlarını təşkil edir".

Nazir deyib ki, Türk Dövlətləri Təşkilatı daxilində səmərəli əməkdaşlıq və qərarlar qəbul edilən Kənd Təsərrüfatı Nazirləri platforması var: “Bu dəfə Bakıda iqlimə davamlı kəndlər üzrə forumun yaradılmasını elan edəcəyik. Əminəm ki, bu təşəbbüs bizim kənd yerlərinin inkişafı siyasətimizə müsbət təsir göstərəcək və kənd əhalisinin rifahını asanlaşdıracaq. Hamınız bilirsiniz ki, Azərbaycanın işğaldan azad edilmiş ərazilərində böyük yenidənqurma və bərpa işləri aparılır. Bu ərazilərin iqlimə uyğun, xəstəliklərdən azad və icma əsaslı kənd təsərrüfatının inkişafı təkamül siyasətimizin gündəmində birinci yerdə qalır. Biz bu ərazilərin kənd yerlərinin inkişafı üçün ağıllı şəhərlər və ağıllı kəndlər konsepsiyasından da istifadə edirik”.

M.Məmmədov qeyd edib ki, Zəngilan Ağalı kəndi Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bütün müasir və iqlim dostu texnologiyalarla salınmış ilk ağıllı kənddir: “Biz türk dövlətləri ilə də bu ərazilərin tikintisində, kənd yerlərinin abadlaşdırılmasında çox səmərəli əməkdaşlıq edirik. Bu tərəfdaşlığın əsas məqsədi bütün ən yaxşı təcrübələri və texnologiyaları bir-biri ilə bölüşməkdir. Təbii ki, bu işdə hökumətlə yanaşı, biznes qurumları da mühüm rol oynayır. Şübhəsiz ki, biz bu təşəbbüsləri biznes ictimaiyyəti ilə birgə həyata keçirməyi planlaşdırırıq. Ona görə də mən bütün tərəfdaş dövlət müəssisələrini Qarabağda və Şərqi Zəngəzurda investisiya perspektivlərini araşdırmaq üçün dəvət edirəm. Gözləyirik ki, biznes ictimaiyyəti güclü tərəfdaşlıqlar quracaq və ölkələrimizin nümunəvi təcrübə və texnologiyalarını işğaldan azad edilmiş ərazilərdə tətbiq edəcək".

Son xəbərlər

Orphus sistemi