Azərbaycan enerji sektorunu daha çox bərpa olunan mənbələr hesabına şaxələndirir.
"Report" xəbər verir ki, bunu energetika nazirinin müavini Orxan Zeynalov COP29 çərçivəsində təşkil olunmuş "2030-cu ilə qədər bərpa olunan enerji üzrə qoyuluş gücünün üçqat artırılması: Mərkəzi Asiyada bərpa olunan enerjidən istifadənin sürətləndirilməsi üçün praktiki işlərin görülməsi" adlı Mərkəzi Asiya üzrə Regional Seminarda bildirib.
Onun sözlərinə görə, Azərbaycan enerjiyə keçid imkanlarından istifadə etmək istəyir: "Biz ilkin olaraq 2030-cu ilə qədər bərpa olunan mənbələrin quraşdırma gücündə payının 30 %-ə çatdırılmasını hədəfləyirdik. Ancaq indiki keçid tempini saxlayaraq, 2030-cu ilə qədər 35 %-ə, 2035-ci ilə qədər isə 40 %-ə çatacağıq.
Bərpa olunan enerji layihələri çərçivəsində təqribən 2,5 milyard ABŞ dolları investisiya qoyuluşu proqnozlaşdırılır. Biz 2030-cu ilə qədər 7 giqavat yaşıl enerji istehsalı hədəfinin reallaşdırılmasını və bunun 5 giqavatının üç yaşıl interkonnektor Xəzər dənizi-Qara Dəniz-Avropa, Azərbaycan-Mərkəzi Asiya-Avropa və Azərbaycan-Türkiyə-Avropa vasitəsilə ixrac etməyi planlaşdırırıq. Həmçinin Qarabağ, Şərqi Zəngəzur və Naxçıvanda "yaşıl enerji" zonalarını işə salmışıq. bu da ümummilli enerjinin xalis sıfıra keçidi üçün əsas olacaq".