“Lancet Countdown” jurnalı: COP29 sıfır emissiyaya sağlam keçidə kömək edəcək

“Lancet Countdown” jurnalı: COP29 sıfır emissiyaya sağlam keçidə kömək edəcək Bakıda keçiriləcək COP29 iqlim konfransı sıfır emissiyaya sağlam keçid üçün lazım olan maliyyə dəstəyinin təmin edilməsi ilə bağlı əlavə imkanlar yaradacaq.
COP29
30 Oktyabr , 2024 16:22
“Lancet Countdown” jurnalı: COP29 sıfır emissiyaya sağlam keçidə kömək edəcək

Bakıda keçiriləcək COP29 iqlim konfransı sıfır emissiyaya sağlam keçid üçün lazım olan maliyyə dəstəyinin təmin edilməsi ilə bağlı əlavə imkanlar yaradacaq.

“Report” xəbər verir ki, bu barədə “Lancet Countdown” jurnalının iqlim dəyişikliyi və sağlamlığa dair illik hesabatında deyilir.

Sağlamlıq və iqlim dəyişikliyi sahəsində irəliləyişi izləyən “Lancet Countdown” layihəsi Paris Sazişinin qüvvəyə mindiyi ildə yaradılıb. Onun məqsədi iqlim dəyişikliyinin insan sağlamlığına qlobal, regional və milli səviyyədə təsirini hər il təhlil etməkdir.

BMT qurumları və dünya üzrə akademik institutlarının 122 aparıcı tədqiqatçısı tərəfindən hazırlanan 2024-cü il hesabatında 8 illik monitorinq dövründə ən narahatedici nəticələr təqdim edilir.

Məlumatlar iqlimin sürətlə dəyişməsi səbəbindən insan rifahı, sağlamlığı və həyatı üçün böyük təhlükələrin olduğunu göstərir. İqlim dəyişikliyi ilə bağlı sağlamlıq risklərini izləyən 15 göstəricidən 10-u narahatlıq doğuran yeni rekord göstəricilərə çatıb.

65 yaşdan yuxarı insanlar arasında istidən ölüm halları 1990-cı illərlə müqayisədə rekord səviyyədə artaraq 167 faizə çatıb. Bundan başqa, isti fiziki aktivliyə və yuxunun keyfiyyətinə də çox təsir göstərir ki, bu da öz növbəsində, fiziki və psixi sağlamlığa təsirsiz ötüşmür. Daşqınlar, quraqlıq və toz fırtınaları kimi ekstremal hava hadisələri getdikcə intensivləşir və milyonlarla insanın həyatını təhlükə altına alır.

2023-cü ildə isti havanın təsiri açıq havada fiziki aktivliklə məşğul olan insanları 1990-cı illərlə müqayisədə rekord səviyyədə - 27,7% daha çox saat ərzində istilik stressinə (orta və ya daha yüksək) məruz qoyub.

1961-90 və 2014-23-cü illər arasında dünyada quru ərazinin 61%-də ekstremal yağıntılı günlərin sayı artıb ki, bu da daşqın, yoluxucu xəstəliklərin yayılması və suyun çirklənməsi riskini artırır. Bununla paralel olaraq, 2023-cü ildə quru ərazinin 48%-i ən azı bir ay ərzində ekstremal quraqlığa məruz qalıb. 1981-2010-cu illərdən quraqlıq hallarının və anomal isti dövrlərin artması 2022-ci ildə tədqiq edilən 124 ölkədə əlavə 151 milyon insanın orta və ya kəskin ərzaq çatışmazlığı ilə üzləşməsinə səbəb olub ki, bu da indiyədək qeydə alınmış ən yüksək göstəricidir.

Yağıntıların xarakterinin dəyişməsi və temperaturun yüksəlməsi denge qızdırması, malyariya, Qərbi Nil virusu ilə bağlı xəstəliklər və vibrioz kimi ölümcül yoluxucu xəstəliklərin ötürülməsinə şərait yaradır.

Bu təsirləri daha da ağırlaşdıran iqlim dəyişikliyi sağlamlıq və rifahın asılı olduğu sosial və iqtisadi şəraitə təsir göstərir. Ekstremal hava hadisələrinin səbəb olduğu orta illik iqtisadi itkilər 2010-14-cü illərdən 2019-23-cü illərə qədər 23% artaraq 227 milyard ABŞ dollarına çatıb (dünya iqtisadiyyatının təxminən 60%-nin ÜDM-dən çox olan məbləğ).
İqlim dəyişikliyi ilə mübarizədə onillik yubanmalardan sonra sağlamlıq üçün ən ciddi təsirlərin qarşısının alınması insan fəaliyyətinin bir çox sahələrində razılaşdırılmış struktur və davamlı dəyişikliklər tələb edir. Qeyd etmək vacibdir ki, maliyyə sistemlərinin qlobal transformasiyasına da ehtiyac var.

2023-cü ildə Dubayda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 28-ci sessiyasında (COP28) ilk dəfə olaraq sağlamlıq günü keçirilib: 151 ölkə BƏƏ-nin İqlim və Sağlamlıq Bəyannaməsini dəstəkləyib, Qlobal Adaptasiya Məqsədi sağlamlıq sahəsində konkret hədəf göstəricisi müəyyən edib. Paris Sazişinin ilk Qlobal Qiymətləndirməsinin nəticələri də sağlamlıq və sağlam ətraf mühit hüququnu tanıyıb, tərəfləri səhiyyənin adaptasiyası üçün əlavə səylər göstərməyə çağırıb və bəşəriyyətin mövcudluğunun prioritetləşdirilməsi üçün yeni imkan yaradıb.

Azərbaycanın paytaxtı Bakıda keçiriləcək COP29 konfransında İtki və Zərər Fondunun necə idarə olunacağı barədə qərarın qəbul edilməsi və İqlim maliyyəsi üzrə Yeni Kollektiv Kəmiyyət Hədəfinin təsdiqlənməsi planlaşdırılır. Bu, sıfır emissiyaya sağlam keçid üçün lazım olan maliyyə dəstəyinin təmin edilməsi istiqamətində əlavə imkanlar yaradacaq.

Səhiyyə sektorunun bu proseslərdə iştirakı maliyyə mexanizmlərinin iqlim tədbirlərinin sağlamlığa müsbət təsirinin optimallaşdırması, iqtisadi və qeyri-iqtisadi itki və zərərləri nəzərə almasında mühüm əhəmiyyət kəsb edəcək. Bu qarşılıqlı fəaliyyət və təsvir olunan nəticələr maliyyələşdirmənin iqlim dəyişikliyi nəticəsində yaranan qeyri-bərabərliyi aradan qaldırmağa, minimuma endirməyə kömək etməsində, ən çox zərər çəkmiş ölkələri tam dəstəkləməsində əsas rol oynayacaq.

Son xəbərlər

Orphus sistemi