“Green Hackaton” tipli tədbirlərin məqsədi Gənclərin texnologiyalara çıxışını təmin etmək və onların öz ideyalarını həyata keçirməsi üçün şərait yaratmaqdır.
"Report" xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi (ASAN Xidmət) sədrinin müavini Ceyhun Salmanov “Green Hackaton - 2024" müsabiqəsinin bağlanış mərasimində deyib.
O bildirib ki, COP29 çərçivəsində "ASAN xidmət" il ərzində müxtəlif layihələr həyata keçirib:
"Bu layihələrdən biri də yaşıl texnologiyalar hakatonu olub. Bu layihə Asiya İnkişaf Bankı ilə birgə tərəfdaşlıq çərçivəsində keçirilib. Bundan əvvəl Gəncə və Naxçıvanda da bu tipli tədbirlər keçirilib. Məqsəd regionda olan gənclərin texnologiyalara çıxışını təmin etmək və onların öz ideyalarını həyata keçirməsi üçün şəraitin yaradılmasıdır. Bu gün silsilə tədbirlərin final mərhələsi keçirildi. Ümumilikdə, 616 gənc müraciət etmişdi, onlardan 87-si 20 komanda formalaşdıraraq tədbirdə iştirak etdi. Bu gün qaliblər mükafatlandırıldı".
Sədr müavini əlavə edib ki, iqlim dəyişikliyi ilə mübarizədə texnologiyalar böyük rol oynadığı üçün bu cür tədbirlər çox önəmlidir.