Azərbaycanda özəl sektorun "yaşıl texnologiyalar"a və təkmilləşdirmə təşəbbüslərinə sərmayə qoyması üçün dəstəkləyici hüquqi çərçivə yaradılması vacibdir.
"Report" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nigar Məmmədova COP29 çərçivəsində təşkil olunmuş “Yaşıl iş və bacarıqlar” mövzusunda yüksək səviyyəli dəyirmi masada bildirib.
"Davamlı təcrübələrə sərmayə qoyan müəssisələr üçün vergi güzəştləri və yaxud digər stimullar təklif edən qanun layihələri təqdim etməklə, milli iqlim hədəfləri ilə uzlaşaraq innovasiyaları təşviq edə bilərik" - o vurğulayıb.
Deputatın sözlərinə görə, bu keçidin əsas komponenti "yaşıl bacarıq" proqramlarına və yenidən hazırlıq təşəbbüslərinə maliyyə resurslarının adekvat şəkildə ayrılmasını təmin etməkdir: "Qanunverici orqan olaraq biz davamlı texnologiyalar, yaşıl iş təlimi və təhsil proqramları üçün maliyyələşdirməyə üstünlük verməliyik. Bu, təkcə iqlim hədəflərinə nail olmaq deyil, həm də iqtisadiyyatımızın gələcəyini və işçilərin qarşıdakı dəyişikliklərə hazır olmasını təmin etməkdir".