Enerji keçidi və enerji səmərəliliyinin ölkələrin siyasi və iqtisadi gündəliyinin prioritet məsələsinə çevrilməsi müəyyən mənada artıq onların öz iradələrindən asılı deyil, qlobal proseslərin təsirləri altında onların öhdəliyidir. Prosesin sürətlənməsində texnoloji sıçrayışlarla yanaşı, həm də siyasi iradə mühüm rol oynayır və artıq beynəlxalq aləmdə enerji keçidinin daha sürətlə həyata keçirilməsi mübahisə predmeti deyil.
Azərbaycan da bu proseslərin tərkib hissəsidir. 2016-cı ilin oktyabrında Milli Məclis Paris Sazişini ratifikasiya edərək 2030-cu ilə qədər 1990-cı illə müqayisədə istixana qaz tullantılarını 35% azaltmağa dair öhdəlik götürüb. Birləşmiş Millətlər Təşkilatı (BMT) İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsi alternativ enerji keçidinə öz töhfəsini verəcək və qaçılmaz texnoloji, iqtisadi və siyasi yeniliklər gətirəcək.
Bunu “Report”a açıqlamasında Energetika Nazirliyi yanında İctimai Şuranın üzvü Sadiq Həsənov deyib.
O, alternativ və bərpa olunan enerji sektorunun inkişafında Azərbaycanda böyük işlər görüldüyünü bildirib:
“Bütün dünyada olduğu kimi, Azərbaycanda da istilik qazlarının atılması ilə müşahidə olunan mədən yanacaqlarından (neft, kömür, qaz) istifadə olunaraq elektrik enerjisi istehsalını azaltmaq üçün tendensiya baş verir. Artıq bir çox ölkələr bu istiqamətdə çox böyük nailiyyətlər əldə ediblər. Azərbaycan da bu sahədə inkişaf etmiş ölkələrdən heç də geridə qalmır. Bildiyimiz kimi, ötən dövrlərdə Azərbaycanın elektrik enerjisi istehsalı əsasən mazut yandırmaq yolu ilə alınırdı. Son dövrlərdə isə artıq bu proses təbii qazla həyata keçirilir. Enerji keçidi istiqamətdə keçən il Qobustanda 230 MVt gücündə olan günəş panelləri istifadəyə verilib. İkinci layihə isə Xızı-Abşeron layihəsidir. Orada da 230-240 MVt gücündə günəş və külək enerjisi stansiyasının quraşdırılması işləri yekunlaşmaq üzrədir. Bundan sonra da Biləsuvar və Neftçalada günəş panellərinin quraşdırılması ilə elektrik enerji istehsalı planlaşdırılır”.
S.Həsənov deyib ki, Azərbaycanda bərpa olunan enerjinin böyük hissəsi su elektrik stansiyalarının payına düşsə də, bəzi səbəblərdən onun istifadəsi məhdudlaşdırılır.
“Azərbaycanın enerji sektorunda istehsal olunan enerjinin yeddi faizi bərpa olunan enerjidir. Bunun da böyük hissəsi yaxın illərə qədər su elektrik stansiyalarının payına düşürdü. Su elektrik stansiyaları böyük potensiala malik idi. Lakin iqlim dəyişmələri səbəbindən su ehtiyatlarının azalması səbəbindən hidroelektrik stansiyalarının fəaliyyəti geriləyib. Bir çox ölkələr çaylar üzərində su anbarlarının tikilməsinə qarşı çıxırlar. Bütün bu səbəbləri nəzərə alsaq, su enerjisinin yerini külək və günəş enerji stansiyaları tutacaq. Amma külək və günəş enerjisinin potensiyalı hələ ki bir faizlik baryeri keçə bilməyib. Buna baxmayaraq, Azərbaycanın üzərinə götürdüyü öhdəliyi, Paris İqlim Sazişi çərçivəsində iqlim dəyişikliyinə təsiri azaltmaq üçün bərpa olunan enerjiyə keçidi sürətlə həyata keçirilir. Qəbul olunan qərarlara əsasən, Azərbaycanda 2030-cu ilə qədər 1500 MVt gücündə olan elektrik stansiyaları istifadəyə veriləcək. Bu hesabatla Azərbaycan yaxın zamanlarda ümumi istehsal olunan enerjisinin 30 faiz keçidini təmin edə bilər”, - deyə o əlavə edib.
Şura üzvü bu sahənin çətinliyindən də söz açıb:
“Bərpa olunan enerjiyə keçid yeni olduğu qədər də çətin bir sahədir. Nəzərə alsaq ki, günəş enerjisinin istehsalı yalnız günəşin olduğu saatlarda mümkündür, buna görə, Azərbaycan günəş, külək stansiyaları ilə yanaşı, istilik enerji stansiyalarının (təbii qazlarla işləyən stansiyalar) inkişafını birlikdə aparmalıdır. Neft-qaz sektoru bir çox ölkələrdə inkişaf etdiyinə görə onların iqtisadiyyatları artıq neft və qazdan asılı hala düşüb. Bir növ həmin ölkələrin sənayesi sözügedən yanacaqların üzərində qurulub. Buna görə də ölkələr üçün bərpa olunan enerjiyə keçid etmək bəzi məqamlarda çətinləşir”.
O, zərərli qaz emissiyalarının azaldılması üçün görülən tədbirlərin intensivləşməsinin zəruri olduğunu da vurğulayıb:
“İqlimdə geridönməz temperatur artımı baş verir. Bu cür davam etsə, yaxın gələcəkdə qlobal istiləşmənin həcmi iki dərəcəni keçə bilər, bu da böyük fəsadlar törədəcək. 1950-ci illərdən sonra iqtisadiyyat və sənayedə olan inkişaf temperatur artımının intensiv hal almasına səbəb olub. 1900-cü illərdə havada 2 milyard ton CO2 var idisə, hazırda bu rəqəm 38 milyard tondur. Atmosferdə həmin dövrlərdə CO2 qazının konsentrasiyası 280-300 ppm olduğu halda indi bu, 420-dir və bu rəqəm davamlı olaraq artır. Məsələn, bir kiloqram benzin yanarkən ətrafa 2.5 kiloqrama qədər CO2 emissiyası atılır. Bir kiloqram qazdan isə 2.4 kiloqram CO2 ətrafa atılır. ABŞ, Kanada, Çin, Braziliya, Rusiya, Cənubi Amerika kimi ölkələrdə karbon emissiyalarının həcmi çoxdur. Azərbaycanda ətraf mühitə adam başına altı ton tullantı atılır. Dünya standartlarında bu statistika doqquz tondur. Son məlumata görə, Yer kürəsində 54 milyon ton karbon emissiyası var. Bunun 35% azaldılması üçün neft-qaz sektorunda islahatlar aparılmalıdır. Neft istehsalı zamanı havaya atılan səmt qazının yandırılması və sızması kimi proseslərin qarşısının alınması üçün Azərbaycan müəyyən tədbirlər görür və bu prosesi daha da sürətləndirmək yolunda çalışır”.
S.Həsənov elektromobillərin Azərbaycanda istifadəsinin karbon emissiyalarının azalmasına ciddi töhfə verəcəyini söyləyib:
“Avtomobillərin elektromobillərə keçidi bütün dünyada böyük tendensiyaya çevrilib. 2030-cu ilə qədər Azərbaycanda da bu sahədə addımlar atılacaq. Artıq bəzi vergi güzəştləri tətbiq olunur. Mənim fikrimcə, 2030-cu ilə qədər dünyada nəqliyyatın çox hissəsini elektromobillər təşkil edəcək. Eyni zamanda, günəş və külək panellərindən istifadə genişlənir və qiymətlər ucuzlaşır. Bu da onların inkişafına gətirib çıxaracaq”.
Onu da unutmaq olmaz ki, üstünlük verilən enerji mənbələrinin insanların sağlamlığına təsiri böyükdür. Məsələn, XIX əsrdə havanın keyfiyyətinin pisləşməsi, tənəffüs yolları xəstəlikləri və buna bağlı ölümləri kömür yandırılan bölgələrdə çoxaltdı. Digər bir nümunə Cənubi Koreyada kömürlə işləyən elektrik stansiyalarının atmosferə buraxdığı tozun çirklənməyə səbəb olması və insanların zehnini korlaşdırmasıdır. Bunun digər səbəbi də qalıq yanacaqlardır. Başqa mənbələrdən fərqli olaraq, bərpa olunan enerji mənbələri ekoloji cəhətdən təmizdir. Bu da həm bizim, həm də gələcək nəsillərin və dünyanın sağlamlığı üçün olduqca önəmlidir.