“Böyük dövlətlərin böyük tullantıları” – Fövqəldövlətlər niyə narahatdırlar? – ANALİZ

“Böyük dövlətlərin böyük tullantıları” – Fövqəldövlətlər niyə narahatdırlar? – ANALİZ BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti illik iclasının (COP29) Bakıda keçirilməsinə xarici mətbuat tənqidi münasibət bəsləyir. Buna səbəb, bəzi qüvvələrin Azərbaycanın neft ölkəsi olması səbəbindən yeni enerji
COP29
2 Noyabr , 2024 10:56
“Böyük dövlətlərin böyük tullantıları” – Fövqəldövlətlər niyə narahatdırlar? – ANALİZ

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının növbəti illik iclasının (COP29) Bakıda keçirilməsinə xarici mətbuat tənqidi münasibət bəsləyir. Buna səbəb bəzi qüvvələrin Azərbaycanın neft ölkəsi olmasını əsas götürərək yeni enerji keçidinə hər hansı töhfə verməsinə skeptik yanaşmasıdır. Maraqlı məqam isə budur ki, həmin qüvvələr özləri neft-qaz istehsalında liderliyini saxlayan və bu fəaliyyəti getdikcə inkişaf etdirən ölkələrdir. O ölkələrin qlobal yaşıl gündəliyi reallaşdıra bilməsi və alternativ enerji mənbələrinə yönəlməsi üçün yetərli maliyyə və resurs bazasına sahib olmasına baxmayaraq, COP28-də üzərlərinə götürdükləri öhdəliklərindən boyun qaçırdıqları da sirr deyil.

Məsələn, 2010-cu il aprelin 20-də ABŞ-nin Meksika körfəzi sahillərində baş verən "Deepwater Horizon" neft sızması sənaye fəlakəti hesab olunur. Qəza nəticəsində minlərlə canlı tələf oldu (quş, məməli, dəniz tısbağası), ətrafa dağılmış neft okeana, o cümlədən bitki örtüyünə böyük zərər verdi. Hadisədən sonra Cənubi Afrikada keçirilmiş COP17 konfransı zamanı neft-qaz hasilatında ətraf mühitə, okeana, həmçinin bitki və heyvan aləminə dəymiş ziyanla bağlı da müzakirələr aparılıb.

Dünyanın ən varlı, iqtisadi baxımdan ön mövqelərində olan ölkələri Paris Sazişi üzrə razılaşmalara əsasən, qalıq yanacaqlardan daha təmiz enerji mənbələrinə keçidi təmin etməlidirlər. Lakin bu tip ölkələrin qalıq yanacaqlardan iqtisadi asılılığının az, habelə yaşıl keçidi reallaşdırmaq üçün hərtərəfli imkanlara (maliyyə, ixtisaslı insan resursu və texnologiya) sahib olmasına baxmayaraq, onlar hazırda dünya üzrə aparılan qazma proseslərinə liderlik edirlər. Diaqramda da göründüyü kimi, bu qrupa aid olan ölkələr tərəfindən 2023-cü ildə qazma prosesləri üçün 825 yeni lisenziya verilib ki, bu da olduqca böyük rəqəmdir.

İnkişaf etmiş zəngin ölkələr qrupuna aid olan ABŞ, Böyük Britaniya, Kanada, Norveç və Avstraliyanın iqlim dəyişikliyi üzrə lider dövlətlər statusuna malik olaraq üzərlərinə götürdükləri beynəlxalq öhdəliklərə rəğmən qalıq yanacağa doğru meyillənmələri davamlı hal alıb. Yeni neft-qaz yataqlarında kəşfiyyat işlərinin aparılması üçün lisenziya verilməsinin COP28 sazişindən sonra nəinki məhdudlaşdırılması, əksinə, daha da artması ciddi narahatlıq doğurur.

"Rystad Energy" və "International Institute for Sustainable Development" təşkilatlarının araşdırmalarına əsasən, son on ildə ABŞ, Böyük Britaniya, Kanada, Norveç və Avstraliya da daxil olmaqla, inkişaf etmiş və qalıq yanacaqdan az asılı olan ölkələr tərəfindən ətraf mühitə buraxılan istixana qaz emissiyalarının (greenhouse gas emissions) həcmi analoji dövr ərzində (2014-2023-cü illərdə) neft-qaz istehsalçısı olan digər ölkələrin ümumi payından beş dəfə çoxdur.

Hazırda Avropa ölkələrini qalıq yanacaqla təmin edən əsas ölkə olan Norveçdə də vəziyyət fərqli deyil. Bu ölkə son illərdə Avropaya həm boru kəmərləri, həm də mayeləşdirilmiş təbii qaz (LNG) formasında enerji ixracını kəskin artıraraq bir nömrəli təminatçıya çevrilib. Almaniyanın təbii qaza olan tələbatının 40%-dən çoxu hazırda üç sualtı boru kəməri vasitəsilə Norveç tərəfindən təmin edilir. Norveç Paris İqlim Sazişini imzalayan ölkələrdən biri olaraq 2030-cu ilə qədər istixana qazı emissiyalarını 40% azaltmağa dair öhdəlik götürsə də, qaz ixracını getdikcə artırır. “Enerji keçidi”ni elan edən dövlətlər ciddi maliyyə dəstəyinə ehtiyac duyduğu halda, Norveç qaz monopoliyasını inkişaf etdirir. Qeyd edək ki, 2023-сü ildə Almaniyanın “Sefe” dövlət enerji şirkəti ilə Norveçin “Equinor” şirkəti arasında qaz təchizatı üçün uzunmüddətli müqavilə imzalanıb. Bu, "Equinor"un indiyə qədər bağladığı ən böyük qaz müqavilələrindən biridir.

Norveçin Avropaya ünvanlanan təbii qaz boru kəmərləri

Nəticədə ənənəvi enerjidən asılılığı az olan və yaşıl keçid üçün maliyyə, ixtisaslı kadrlar və texnologiyaya sahib zəngin Qərb ölkələri qalıq yanacaqdan asılılığı davam edən, orta və aşağı iqtisadi səviyyəyə malik ölkələrə nisbətdə daha çox neft və qaz sektorunda fəallıq nümayiş etdirirlər.

ABŞ-nin keçmiş prezidenti Donald Trampdan fərqli olaraq, yaşıl gündəliyə və iqlim dəyişikliyi məsələlərinə diqqətlə yanaşacağını əvvəldən bəyan etmiş Cozef Bayden administrasiyası hazırda “yeni rekord”a imza atıb. Belə ki, ABŞ hazırda dünyanın ən böyük neft və qaz istehsalçısı qismində mövqeyini möhkəmləndirib. ABŞ prezidenti C.Baydenin iqlim məsələləri üzrə baş müşaviri Con Podesta bir müddət əvvəl məsələ ilə bağlı açıqlama verərkən ABŞ-də bu sahədə yaranmış vəziyyəti Ukraynada davam edən müharibə ilə əlaqələndirib. O bildirib ki, ABŞ-nin ənənəvi enerji sahəsində dayanmadan artan istehsalı yaxşı bir nəticədir. Çünki Ukrayna müharibəsinin başlamasından sonra Avropanın Rusiyanın enerji asılılığından çıxmaq üçün digər mənbələrə üz tutmaq zərurəti ABŞ-nin bu addımını şərtləndirib.

Bayden administrasiyası dövründə ABŞ hökuməti tərəfindən neft və qaz sahələrində əməliyyat və kəşfiyyat məqsədli 1 453 yeni neft və qaz lisenziyası verilib ki, bu da qlobal miqyasda verilən ümumi lisenziyaların yarısını, həmçinin sözügedən zəngin dövlətlərin verdiyi bütün lisenziyaların isə 83%-ni təşkil edir. Bu nəticə Ağ Evə dönəcəyi təqdirdə qalıq yanacaqla bağlı layihələrə dəstək verəcəyini açıq şəkildə bildirən D.Trampın dövründəki göstəricidən 20% çoxdur.

Ancaq istənilən halda mövcud statistik nəticələr ABŞ tərəfindən Rusiya-Ukrayna müharibəsinin bəhanə olaraq istifadə edildiyini göstərir.

Beləliklə, inkişaf etmiş zəngin ölkələr qrupuna aid olan ABŞ, Böyük Britaniya, Kanada, Norveç və Avstraliyanın iqlim dəyişikliyi üzrə lider dövlətlər statusuna malik olaraq üzərlərinə götürdüyü beynəlxalq öhdəliklərə rəğmən qalıq yanacağa doğru meyillənmələri davam edir.

Bu ölkələr ilk olaraq spekulyativ davranışlarına son qoymalı, eləcə də mədən yanacağına sərmaye qoyulmasını və lisenziyaların verilməsini təcili dayandırmalıdırlar. Onlar yalnız bundan sonra Azərbaycanın neft ölkəsi olmasına baxmayaraq, iqlim dəyişikliyinə nə dərəcədə töhfə verəcəyini müzakirə mövzusuna çevirə bilərlər. Əks halda, göründüyü qədər, COP29-la əlaqədar informasiya məkanında "qaldırılan" dalğalar Azərbaycanın konfrans çərçivəsində öz öhdəliklərini yerinə yetirərək iqlim sazişinə sadiq qalmayan digər ölkələrə nümunə göstərənə qədər səngiməyəcək.

Son xəbərlər

Orphus sistemi