Bakıda “COP29-a aparan yol: dayanıqlı və davamlı gələcək” mövzusunda keçirilən 29-cu ali səviyyəli toplantının iştirakçıları panel müzakirələri zamanı iqlim dəyişikliyi təsirinin azaldılması, iqlim dəyişikliyinə uyğunlaşma və davamlılıq məsələlərini müzakirə ediblər.
“Report” xəbər verir ki, sessiyaya moderatorluğu Mərakeşin iqlim dəyişikliyi üzrə xüsusi elçisi Həkimə Əl Hait, Azərbaycan Respublikası Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini, COP29 Təşkilat Komitəsinin Katibliyinin rəhbəri Həbib Mikayıllı, BMT-nin İnsan Məskənləri Proqramının (UN - HABITAT) icraçı direktoru Maymuna Mohd Şərif, Xorvatiyanın keçmiş (2010-2015-ci illərdə - red.) Prezidenti İvo Yosipoviç, eləcə də Çexiyanın keçmiş Baş naziri Yan Fişer ediblər.
Tədbir iştirakçıları bu ilin noyabrında Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) hazırlıqla bağlı müzakirələr aparıb, iqlim dəyişikliyi probleminin tezliklə həllinin vacibliyindən və və onun gələcək nəsillərin həyatına təsirindən danışıblar.
Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdir müavini Həbib Mikayıllı vurğulayıb ki, COP29 komandası Bakıda keçiriləcək konfransın iqlim dəyişikliyi ilə mübarizəyə mühüm təsir göstərə biləcəyinə ümid edir.
Maymuna Mohd Şərif şəhərlərin innovasiya və inkişafda mühüm rol oynadığını deyib və ətraf mühitlə “sülh” yaratmağın vacibliyini vurğulayıb.
İvo Yosipoviç çıxışında qeyd edib ki, Qərb ölkələri inkişaf etməkdə olan ölkələrin iqlim dəyişikliyi ilə bağlı yaşadığı problemləri anlamırlar və ya anlamaq istəmirlər.
“Məncə, COP29 bu ilin ən mühüm hadisələrindən biridir. Bu tədbir çərçivəsində biz gələcəyimizi müəyyənləşdiririk, planetin üzləşdiyi problemləri və gələcəyimiz üçün hansı addımları atmalı olduğumuzu müzakirə edirik. Bakıda keçiriləcək iqlim konfransından gözləntilərim çox böyükdür”, - o vurğulayıb.