Bakıda COP29 çərçivəsində “İqlim fəaliyyətinin izlənməsi üçün milli şəffaflıq sistemləri” mövzusu ilə bağlı iştirakçı ölkələrin nümayəndələri arasında müzakirələr təşkil olunub.
"Report"un məlumatına görə, məqsəd iştirakçı ölkələrin mövcud və hazırlanmaqda olan milli MRV (Ölçmə, Hesabatlıq, Yoxlama) və şəffaflıq sistemləri haqqında biliklərini artırmaq, ölkələr arasında müvafiq sahədə əməkdaşlığın gücləndirilməsinə, daha təkmil MRV sistemləri qurmaq imkanlarına nail olmaqdır.
Tədbir müddətində MRV sistemləri işlək olan ölkələr öz təcrübələrini paylaşıb və iştiraçıların sualları cavablandırılıb.
Energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov ölkənin iqlim şəffaflığı sahəsindəki təşəbbüslərindən və bu sahədə liderlik mövqeyindən danışarkən, bildirib ki:
“Azərbaycan dünya ölkələrini iqlim şəffaflığının təminatına çağırır və özü bu məsələdə öncül mövqedə dayanır. COP29 Prezidentliyi prosesi başlayandan bəri tərəflər arasında aparılan müzakirələr göstərdi ki, etibarlılıq məsələsi iqlim maliyyəsinin təmin olunmasında ciddi maneələr yaradır. Azərbaycan isə bu məsələnin əhəmiyyətini öncədən vurğulayıb və şəffaflıq sənədlərinin hazırlanmasına dair təşəbbüslərə start verib. Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyi COP29 çərçivəsində hazırladığı Milli MRB Sistemini təqdim edib. Bugünkü tədbir bir daha sübut edir ki, Azərbaycan iqlim şəffaflığı məsələsində liderdir”.
Türkiyənin ətraf mühit, urbanizasiya və iqlim dəyişikliyi naziri Fatma Varank isə ölkəsinin iqlim şəffaflığına dair fəaliyyətlərindən danışıb:
“Türkiyə öz iqlim şəffaflığı proqramını COP29-un ikinci günündə təqdim edib. Ölkələrin iqlim dəyişikliyi üzrə şəffaflıq hesabatlarını dəqiq şəkildə açıqlaması, bu sahədə effektiv tədbirlərin həyata keçirilməsi baxımından çox önəmlidir. Türkiyə sənayenin bir çox sektorunda illik iqlim şəffaflığı hesabatları hazırlayır və dövrün sonunda ictimailəşdirir. Eyni zamanda, nəqliyyat sektorunda Nəqliyyat Nazirliyi ilə əməkdaşlıq çərçivəsində hava yollarının emissiya hesabatları yekun sənədlərə daxil edilir. Daha dəqiq göstəricilərin əldə edilməsi üçün xüsusi laboratoriyalar yaradılıb.
Ən böyük layihələrimizdən biri 2100-cü ilədək ölkəmizin bütün şəhərlərində iqlim dəyişikliyinə qarşı adaptasiya tədbirlərinin həyata keçirilməsidir. İnkişaf etməkdə olan ölkələrin iqlim şəffaflığı hesabatlarını hazırlaması üçün onlara texnoloji dəstək göstərilməlidir. Bununla yanaşı, iqlim şəffaflığının effektiv icrası üçün ölkələrin maliyyə dəstəyinə ehtiyacı var. Hesab edirəm ki, COP29-un əsas hədəflərinə nail olunması bu baxımdan xüsusi əhəmiyyət daşıyır”.
Foto: Vüqar Xanlarov