Andrey Boiç: COP29-da əldə edilmiş razılaşmalar iqlim dəyişikliyi ilə mübarizədə mühüm iz qoyacaq

Andrey Boiç: COP29-da əldə edilmiş razılaşmalar iqlim dəyişikliyi ilə mübarizədə mühüm iz qoyacaq COP29-un nəticələri Azərbaycanın həm daxili, həm də beynəlxalq səviyyədə iqlim məqsədlərinə nail olmağa hazır olmasının ən yaxşı sübutudur.
COP29
11 Dekabr , 2024 10:31
Andrey Boiç: COP29-da əldə edilmiş razılaşmalar iqlim dəyişikliyi ilə mübarizədə mühüm iz qoyacaq
Andrey Boiç

COP29-un nəticələri Azərbaycanın həm ölkə daxili, həm də beynəlxalq səviyyədə iqlim məqsədlərinə nail olmağa hazır olmasının ən yaxşı sübutudur.

Bunu “Report”a açıqlamasında İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının keçmiş vitse-prezidenti, COP Bürosunun üzvü Andrey Boiç (Andrej Bojic) deyib.

Onun sözlərinə görə, Bakıda əldə edilən irəliləyiş karbon bazarları sahəsində tarixi nailiyyətdir:

"Təxminən onillik danışıqlardan sonra ölkələr Paris Sazişi çərçivəsində karbon bazarlarının fəaliyyəti ilə bağlı yekun razılığa gəliblər. Bu isə karbon kreditləri mexanizmini və onların ticarətini işə salmağa imkan verəcək".

Keçmiş vitse-prezident bildirib ki, Bakıda əldə edilən razılaşma karbon emissiyaları və kreditləri üzrə kvotalarla ticarətin koordinasiyasında aydınlığı təmin edir:

"Mən inanıram ki, VI maddənin qəbulu iqlim ambisiyalarını artırmaq və iqlim maliyyəsini səfərbər etmək üçün karbon bazarlarında əməkdaşlığın qurulmasında tarixi mərhələdir".

A.Boiç vurğulayıb ki, bu, ölkələrə öz iqlim ambisiyalarını daha ucuz və sürətlə reallaşdırmağa və bu onillikdə qlobal emissiyaların iki dəfə azaldılmasında tərəqqiyə nail olmağa kömək edəcək.

Ekspert həmçinin qeyd edib ki, VI maddə tərəflərə iqlim dəyişikliyinin qarşısının alınması üzrə beynəlxalq səviyyədə ötürülə bilən nəticələr (ITMOs) yaradan kooperativ yanaşma və birgə fəaliyyət çərçivəsində emissiyalarla mübarizə xərclərini azaltmağa imkan verir.

A.Boiç hesab edir ki, indi ölkələr iqlim fəaliyyətlərini sürətləndirə, eləcə də milli səviyyədə müəyyən edilmiş töhfələrini (NDC) yerinə yetirmək üçün özəl sektor kapitalını səfərbər edə bilərlər.

COP Bürosunun üzvü söyləyib ki, buna görə də COP29-un iqlim dəyişiklikləri ilə mübarizə tarixində iz qoyduğunu söyləmək olar:

"Bakıda VI maddə üzrə yekdilliklə qəbul edilən qərarlar real emissiya azalmaları hesabına karbon bazarlarının ekoloji bütövlüyünün və şəffaflığının təmin edilməsində, həmçinin qlobal iqlim investisiyalarının stimullaşdırılması üçün böyük potensialın üzə çıxarılmasında əhəmiyyətli rol oynayacaq".

Son xəbərlər

Orphus sistemi