Yuxarı

​Vergilər Nazirliyində ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə görüş keçirilib

Görüşdə sahibkarların sualları cavablandırılıb və qaldırılan məsələlərlə bağlı onlara müvafiq izahatlar verilib

Bakı. 25 dekabr. REPORT.AZ/ Vergilər Nazirliyində ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri ilə qanunvericilikdə edilmiş dəyişikliklərlə bağlı görüş keçirilib. Bu barədə "Report"a Nazirliyin analitik-informasiya şöbəsindən məlumat verilib.

Görüşdə Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Natiq Şirinov Vergi Məcəlləsinə dəyişikliklər barədə məlumat verib. Bildirilib ki, 2016-cı ilin yanvarın 1-dən qüvvəyə minəcək dəyişikliklərə əsasən, ticarət və ictimai iaşə fəaliyyəti ilə məşğul olan şəxslərə dövriyyəsindən asılı olmayaraq sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququ veriləcək.

İllik ticarət dövriyyəsi 200 min manatdan artıq olan şəxslər sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququndan istifadə etmədikləri halda isə Vergi Məcəlləsi ilə müəyyən edilmiş ümumi qaydada ƏDV ödəyicisi kimi qeydiyyata alınaraq ƏDV, ilin yekunlarına əsasən mənfəət və əmlak vergilərini dövlət büdcəsinə ödəməlidir: "Sadələşdirilmiş verginin ödəyicisi olmaq hüququnun verilməsi vergi inzibatçılığını sadələşdirməklə yanaşı, vergi ödəyicilərinin vergi yükünün azaldılması, ticarət dövriyyələrinin şəffaflaşması və vergitutma obyektinin genişlənməsi ilə nəticələnəcək".

Görüşdə musiqi, əyləncə və digər xidmət fəaliyyəti ilə məşğul olan şəxslərin əldə etdiyi gəlirlərin uçotuna nəzarətin həyata keçirilməsi ilə də bağlı təlimatlar verilib. İctimai iaşə obyektlərinin sahiblərinə musiqi, əyləncə və digər xidmət fəaliyyəti ilə məşğul olan şəxslərin əldə etdiyi gəlirlərin qeydiyyata alınması, onlarla əməkdaşlığı qanunun tələblərinə uyğun formada qurmaqla bağlı tövsiyələr verilib və onlara bu obyektlərdə musiqi, əyləncə və digər xidmətlər göstərən şəxslərin qeydiyyat kitabı təqdim edilib. Şadlıq sarayları, restoranlar və bu kimi digər obyektlərdə musiqi, əyləncə və digər xidmətlər göstərən şəxslər hər dəfə bu kitabda özləri barədə tələb olunan məlumatları, o cümlədən vergi ödəyicisinin eyniləşdirmə nömrəsini (VÖEN), çıxış etdiyi tarixi, çıxışa başladığı və çıxışını qurtardığı vaxtı, göstərdiyi xidmət müqabilində aldığı məbləği qeyd etməli və bunlar həm xidmətin göstərildiyi obyektin nümayəndəsi, həm də xidmət göstərən tərəfindən həmin şəxslərin imzaları ilə təsdiqlənməlidir.

Vurğulanıb ki, qeydiyyat kitablarının tətbiqi bu sahədə mövcud olan boşluqların aradan qaldırılması, musiqi, əyləncə və digər bu kimi fəaliyyətlə məşğul olan şəxslərin vergiyə cəlb olunması ilə bağlı problemlərin aradan qaldırılmasına kömək edəcək.

Daha sonra sahibkarların sualları cavablandırılıb və qaldırılan məsələlərlə bağlı onlara müvafiq izahatlar verilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi