Yuxarı

Vaşinqtonda Azərbaycanın biznes mühiti və investisiya imkanları müzakirə olunub

Səfir Elin Süleymanov Azərbaycanın iqtisadi uğurları, həyata keçirilən iri layihələr və s. barədə ətraflı məlumat verib

Bakı. 10 dekabr. REPORT.AZ  Vaşinqtonda Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) ABŞ nümayəndəliyinin dəstəyi ilə “Diplomacy Matters Institute” qeyri-kommersiya təşkilatı tərəfindən Azərbaycanın biznes mühiti və investisiya imkanlarına həsr olunmuş tədbir keçirilib.

"Report" AzərTAc-a istinadən xəbər verir ki, tədbirdə ABŞ-ın Dövlət və Kommersiya departamentlərinin rəsmiləri, Vaşinqtondakı diplomatik korpus, akademik dairələr və yerli şirkətlərin nümayəndələri iştirak ediblər.

Mərasimdə səfir Elin Süleymanov Azərbaycanın iqtisadi uğurları, həyata keçirilən iri layihələr, ölkəmizdə yaradılmış əlverişli biznes və investisiya mühiti barədə iştirakçılara ətraflı məlumat verib.

Beynəlxalq maliyyə institutları tərəfindən hazırlanan hesabatlarda biznes mühitinin yaxşılaşdırılması istiqamətində Azərbaycanın ən islahatçı ölkələrdən biri kimi göstərildiyini qeyd edən diplomat ölkə iqtisadiyyatının şaxələndirilməsinin, o cümlədən qeyri-neft sektorunun inkişaf etdirilməsinin əsas prioritetlərdən olduğunu söyləyib. Bildirilib ki, son on ildə ölkə iqtisadiyyatına 150 milyard dollar sərmayə qoyulub, strateji valyuta ehtiyatları 50 milyard dolları keçib, 1 milyondan çox yeni iş yeri açılıb, sahibkarlığın inkişafı ilə bağlı mühüm tədbirlər görülüb.

Azərbaycanın kosmik dövlətlər siyahısına daxil olduğunu, enerji, nəqliyyat və İKT sahəsində həyata keçirilən regional layihələrin təşəbbüskarı və iştirakçısına çevrildiyini xüsusilə vurğulayan E.Süleymanov Avropanın enerji təhlükəsizliyinin təmin olunması və bölgənin tranzit potensialının, eləcə də informasiya texnologiyalarına çıxış imkanlarının artırılmasında ölkəmizin vacib rol oynadığını diqqətinə çatdırıb.

Sonda Azərbaycanın iqtisadiyyatına dair AZPROMO tərəfindən hazırlanmış təbliğat materialları paylanılıb, ölkəmizdə istehsal edilən və ABŞ bazarına ixrac olunan məhsullar nümayiş etdirilib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi