Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib

Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib Forumda ümumilikdə beş müqavilə və əməkdaşlıq memorandumu imzalanıb
Biznes
27 İyun , 2017 19:40
Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib
Prezident.az

Bakı. 28 iyun. REPORT.AZ/ İyunun 27-də Varşavada Azərbaycan-Polşa biznes forumu keçirilib.

"Report" xəbər verir ki, Azərbaycan və Polşa prezidentləri İlham Əliyev və Andjey Duda biznes forumun açılış mərasimində iştirak ediblər.

Polşanın iqtisadi inkişaf nazirinin müavini Tadeusz Koscinski biznes forumda çıxış edərək bildirib:

"Mən hesab edirəm ki, məhz Azərbaycan Polşanın Cənubi Qafqaz regionunda ən etibarlı və perspektivli tərəfdaşlarından biridir. Polşa Azərbaycan ilə münasibətlərin dərinləşdirilməsində maraqlıdır. Bu baxımdan son aylar ərzində hökumətlər səviyyəsində müxtəlif görüşlər keçirilib. Biz ölkələrimiz arasında iqtisadi əməkdaşlığımızı qurmuşuq. Lakin onun bugünkü səviyyəsi mövcud iqtisadi potensiala uyğun deyil. Bunu nəzərə alaraq və xüsusən də bu əməkdaşlığın perspektivlərini görərək biz Azərbaycan Hökumətinin həyata keçirdiyi iqtisadi siyasəti öyrənirik. Bilirik ki, bu siyasət ölkənin bütövlükdə iqtisadiyyatının şaxələndirilməsinə və xüsusən də iqtisadiyyatın bütün digər sahələrinin inkişafına yönəldilib. Biz bilirik ki, Azərbaycan iqtisadiyyatın liberallaşdırılması istiqamətində bir çox addımlar atmışdır. Sərmayələrin qoyuluşu üçün Azərbaycanda münbit şərait yaradılmışdır. Bu baxımdan, həmçinin stimullaşdırıcı tədbirlər də görülüb ki, məhz investorlar cəlb edilsin, güzəştli kreditlərin verilməsi yolu ilə bu kimi iştirakçıların sayı çox olsun. Təbii ki, bu, iqtisadi münasibətlərimizə, ölkələrimiz arasındakı əlaqələrə müsbət təsir göstərir. Hesab edirik ki, bu gün məhz iqtisadi əməkdaşlığın, Polşa ilə Azərbaycan arasındakı əlaqələrin gücləndirilməsində bir çox imkanlar var. Məsələn, gəmi tikintisi, dəmir yolları, daşımalar, inşaat materialları istehsalı, maşınqayırma, energetika, sənaye, neft sənayesi, kənd təsərrüfatı, yeyinti məhsulları, kimya sənayesinin inkişafı baxımından bir çox imkanlar var.

Biz hesab edirik ki, iqtisadi inkişafımızda məhz yeni texnologiyaların araşdırılıb tətbiq edilməsində Polşa şirkətlərinin təcrübəsindən yararlanmalıyıq. Polşa tərəfi nəinki Azərbaycanın daxili bazarında öz iştirakının genişləndirilməsində maraqlıdır, o cümlədən Azərbaycan şirkətlərinin bizim ölkəmizin iqtisadiyyatının müxtəlif sahələrində iştirakına maraq göstərir".

Sonra dövlət başçıları biznes forumda çıxış ediblər.

Ardınca forum işini müzakirələrlə davam etdirib.

Biznes forumda iqtisadiyyatın müxtəlif sahələrini təmsil edən 150-dən çox, o cümlədən Azərbaycandan 60-dan artıq iş adamı iştirak edib.

Forum çərçivəsində Azərbaycanın və Polşanın müxtəlif biznes qurumları və şirkətləri arasında ümumilikdə beş müqavilə və əməkdaşlıq memorandumu imzalanıb.

Son xəbərlər

Orphus sistemi