Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının strukturu təsdiqlənib

Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının strukturu təsdiqlənib Bu gün Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan arasındakı qarşılıqlı ticarət və investisiya imkanlarının genişləndirilməsinə dəstək məqsədilə yaradılan Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının (TDTSP) İstanbulda (Türkiyə) ilk iclası keçirilib.
Biznes
31 İyul , 2019 16:55
Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının strukturu təsdiqlənib

Bu gün Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan və Özbəkistan arasındakı qarşılıqlı ticarət və investisiya imkanlarının genişləndirilməsinə dəstək məqsədilə yaradılan Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının (TDTSP) İstanbulda (Türkiyə) ilk iclası keçirilib. 

“Report” bu barədə Azərbaycan Sahibkarlar Konfederasiyasına (ASK) istinadən xəbər verir. 

Məlumata görə, Azərbaycanı iclasda qurumun prezidenti Məmməd Musayev təmsil edib.

İclasın açılışında Türkiyənin Ticarət naziri Ruhsar Pekcan, TOBB (Türk Odalar və Borsalar Birliyi) rəhbəri M.Rifat Hisarcıklıoğlu, Türk Şurasının Baş katibi Bağdad Amreyev, ASK prezidenti Məmməd Musayev, Qazaxıstan Beynəlxalq Sahibkarlar Palatasının rəhbəri Ablay Myrzahhmetov və Qırğızıstan Respublikası Ticarət və Sənaye Palatasının rəhbəri Marat Sharshekeev çıxış ediblər.

TOBB-un rəhbəri Rifat Hisarcıklıoğlu çıxışında “Çox şükür, bu böyük layihəni gerçəkləşdirdik”, - deyib.

Qeyd edək ki, ilkin mərhələdə TDTSP-də Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan təmsil olunacaq. Sonradan başqa türkdilli dövlətlərin də daxil olması gözlənilir.

Hisarcıklıoğlunun sözlərinə görə, bu 6 ölkənin 1,1 trln. dollarlıq iqtisadi dövriyyəsi var və 160 mln.luq əhaliyə sahibdir: "Biz də öncə ölkələrimiz arasındakı ticari əngəlləri aradan qaldırmalı, bir-birimizlə ticarəti artırmalıyıq. Avropa Birliyinin bənzəri olan bir uğur hekayəsini, biz də yazmalıyıq. Türkdilli dövlətlərin Biznes Şurası və Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatası bu hədəfə çatmağımıza imkan yaradacaq. İnanıram ki, əl-ələ versək, hökumətlərimiz və iş dünyası birlikdə çalışarsa, yeni uğur hekayələrini Türk dünyası da yazacaqdır”.

M.Musayev bildirib ki, Azərbaycan ilk gündən Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının yaradılmasına dəstək verib: “Bu qurumun ölkələrimiz üçün faydalı bir təsisat olacağına inanıram. Hər birinizə bu yolda uğurlar arzulayıram”.

Keçirilən səsvermə nəticəsində Türkdilli Dövlətlərin Ticarət və Sənaye Palatasının təşkilatı strukturu təsdiqlənib. Palatanın prezidenti vəzifəsi Rifat Hisarcıklıoğluna həvalə edilib, baş katib isə Adem Kula seçilib. 

Son xəbərlər

Orphus sistemi