Sumqayıtda lotereyaların qanunsuz təşkili ilə məşğul olan şəxslər aşkarlanıb

Sumqayıtda lotereyaların qanunsuz təşkili ilə məşğul olan şəxslər aşkarlanıb Operativ vergi nəzarəti tədbirlərinin nəticələri üzrə tərtib edilmiş sənədlər məhkəməyə göndərilib
Biznes
17 May , 2016 12:58
Sumqayıtda lotereyaların qanunsuz təşkili ilə məşğul olan şəxslər aşkarlanıb

Bakı. 17 may. REPORT.AZ/ Vergilər Nazirliyi tərəfindən Sumqayıt şəhərində idman-mərc oyunlarının təşkili ilə məşğul olan fiziki şəxslərə məxsus obyektlərdə operativ vergi nəzarəti tədbirləri keçirilib. "Report"un Nazirliyə istinadən verdiyi xəbərə görə, tədbirlər zamanı bir sıra obyektlərdə qanunsuz idman-mərc oyunları və lotereyaların təşkil edildiyi aşkar olunub.

Fiziki şəxs Xəqani Qismət oğlu Cahangirliyə məxsus obyektdə vergi ödəyicisi tərəfindən işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nağd pul hesablaşması qaydalarının pozulduğu, qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və keçirilməsi faktları müəyyən olunub. Vergi orqanları əməkdaşları tərəfindən qanunsuz idman-mərc oyunlarının keçirilməsi üçün istifadə olunan əşyalar və sənədlər götürülərək müvafiq qaydada “İnzibati xəta haqqında” protokol tərtib edilib.

Fiziki şəxs Ramil Vaqif oğlu Mirzəyevə məxsus obyektdə vergi orqanında qeydiyyatdan keçməyən fiziki şəxs Rövşən Cabbar oğlu Cabbarovun fəaliyyət göstərdiyi müəyyən edilib. R.Cabbarov barəsində “Vergi Məcəlləsinin 33.4-cü və ya 34.3-cü maddələrində göstərilən müddətdə müvafiq ərizənin və ya məlumatın verilməməsinin aşkar edilməsi barədə” akt tərtib olunub. Obyektdə işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilmiş 1 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nəzarət-kassa aparatının tətbiq olunmadığı, qanunla müəyyən edilmiş qaydada akkreditasiya olunmadan idman-mərc oyunlarının təşkili və keçirilməsi fəaliyyəti ilə məşğul olma faktları müəyyən edilib. Vergilər Nazirliyinin “Sənədlərin və nümunə kimi əşyaların götürülməsi haqqında” qərarına əsasən, qanunsuz idman-mərc oyunlarının keçirilməsi üçün istifadə olunan əşyalar və sənədlər götürülərək müvafiq aktlar və “İnzibati xəta haqqında” protokol tərtib edilib.

Operativ vergi nəzarəti tədbiri zamanı Ramil Mirzəyevin Sumqayıt şəhərində yerləşən digər obyektində də qanunsuz mərc oyunlarının keçirildiyi müəyyənləşdirilib. Həmin obyektdə 3 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nəzarət-kassa aparatının tətbiq olunmadığı, akkreditasiyasız idman mərc oyunlarının keçirilməsi faktları öz təsdiqini tapıb.

Operativ vergi nəzarəti tədbirləri zamanı fiziki şəxslər Rəşad Çingiz oğlu Əliyevə, Ramiz Ağadadaş oğlu Bəşirova, Rəşad Hafiz oğlu Rəsulova məxsus obyektlərdə 3 nəfərlə əmək müqaviləsinin bağlanılmadığı, nəzarət-kassa aparatının tətbiq olunmadığı, nağd pul hesablaşması qaydalarının pozulduğu və akkreditasiya olunmadan idman mərc oyunlarının təşkili və keçirilməsi faktları aşkar edilib. Qanunsuz idman-mərc oyunlarının keçirilməsi üçün istifadə olunan əşyalar və sənədlər obyektdən götürülərək, müvafiq aktlar və “İnzibati xəta haqqında” protokol tərtib edilib.

Operativ vergi nəzarəti tədbirlərinin nəticələri üzrə tərtib edilmiş sənədlər qanunamüvafiq tədbirlər görülməsi üçün aidiyyəti üzrə Sumqayıt şəhər məhkəməsinə göndərilib.

Son xəbərlər

Orphus sistemi