Sumqayıt Kimya Sənaye Parkına investisiyalar 3 mlrd. dollara çatdırılacaq

Sumqayıt Kimya Sənaye Parkına investisiyalar 3 mlrd. dollara çatdırılacaq Bakı. 16 noyabr. REPORT.AZ/ “Bu gün Sumqayıt Kimya Sənaye Parkında üç yeni müəssisə fəaliyyətə başlayır. Mən bu münasibətlə müəssisələrin kollektivlərini salamlayır və təbik edirəm. Əminəm ki, bu müəssisələr çox səmərəli işləyəcək və ölkə iqtisadiyyatına böyük töhfə verəcək”.
Biznes
16 Noyabr , 2018 17:24
Sumqayıt Kimya Sənaye Parkına investisiyalar 3 mlrd. dollara çatdırılacaq

Bakı. 16 noyabr. REPORT.AZ/ “Bu gün Sumqayıt Kimya Sənaye Parkında üç yeni müəssisə fəaliyyətə başlayır. Mən bu münasibətlə müəssisələrin kollektivlərini salamlayır və təbik edirəm. Əminəm ki, bu müəssisələr çox səmərəli işləyəcək və ölkə iqtisadiyyatına böyük töhfə verəcək”.

“Report” xəbər verir ki, bunu Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkındakı tütün məmulatları istehsalı fabrikinin açılışında bildirib.

“Bu müəssisələr ən yüksək standartlara cavab verir və bizim sənaye potensialımızı böyük dərəcədə möhkəmləndirən müəssisələrdir. Ferroərintilər, inşaat kimyəvi qatqılar zavodları, siqaret fabriki bu gün fəaliyyətə başlayır. Birinci mərhələdə bu müəssisələrdə 400-dən çox iş yeri yaradılıb, gələcəkdə isə iş yerlərinin sayı 700-ə çatacaq. Mənə verilən məlumata görə, bugünkü mərhələdə siqaret fabrikinə 35 mln. dollar, ferroərintilər zavoduna 25 mln. dollar və inşaat materialları zavoduna isə 3,5 mln. dollar sərmayə qoyulub. Ancaq indi təqdimatda deyildi ki, siqaret fabrikinə bundan sonra da əlavə vəsait qoyulacaq və investisiya həcmi təxminən 50 mln. dollara çatacaq, ferroərintilər zavoduna isə 100 mln. dollar investisiya qoyulacaqdır. Yəni, bu, onu göstərir ki, vaxtilə Sumqayıt Kimya Sənaye Parkının yaradılması ilə bağlı qərar düzgün və vaxtında qəbul edilmiş qərar idi”, - deyə o, qeyd edib.

“Mən 2011-ci ilin sonunda müvafiq fərman imzaladım və biz parkın yaradılmasına start verdik. Bu ərazidə vəziyyət çox acınacaqlı idi. Vaxtilə tikilmiş və dağılmış, avadanlığı paslanmış müəssisələrin qalıqlarını təmizləmək, torpaq qatını yaxşılaşdırmaq, rekultivasiya işləri aparmaq böyük səy və vəsait tələb edirdi. Ondan sonra kommunikasiya və infrastruktur layihələri icra edildi, 500 hektardan çox ərazi tamamilə təmizləndi və özəl sektorun sərəncamına verildi. Bu, dövlətin özəl sektora göstərdiyi dəstəyin növbəti təzahürüdür. Bu, onu göstərir ki, dövlət-özəl sektor tərəfdaşlığı Azərbaycanda ən yüksək səviyyədə təşkil edilir”, - deyə dövlət başçısı əlavə edib.

İ.Əliyevin sözlərinə görə, hazırda Sumqayıt Kimya Sənaye Parkında 18 rezident var, 9 müəssisə fəaliyyətdədir: “Bu il 5 müəssisə fəaliyyətə başlayacaq. Onlardan 3-ü bu gün fəaliyyətə başlayır. Gələn il əlavə 4 müəssisə fəaliyyətə başlayacaq və beləliklə, bu parkda ən müasir standartlara cavab verən 18 müəssisə fəaliyyət göstərəcək.

Sumqayıt Kimya Sənaye Parkı, əslində, şəhər içində bir sənaye şəhəridir. Gələcəkdə parkın hüdudları genişləndiriləcək və təbii ki, yeni rezidentlər qəbul ediləcəkdir. On səkkiz müəssisə tam gücü ilə işləyəndən sonra 6 min iş yeri təmin ediləcəkdir. Əlbəttə ki, Sumqayıt şəhərində işsizliyin bundan sonra da aşağı səviyyədə saxlanması üçün bu parkın çox böyük əhəmiyyəti var. Ümumiyyətlə, bu günə qədər Sumqayıt Kimya Sənaye Parkının yaradılmasına, müəssisələrin fəaliyyətə başlamasına 2,2 mlrd. dollar sərmayə qoyulub və növbəti dövrdə bu rəqəm təxminən 3 mlrd. dollara çatacaqdır. Əgər biz bu parkı yaratmasaydıq və sahibkarlara güzəştli şərtlər təqdim etməsəydik, dövlət tərəfindən böyük dəstək göstərməsəydik, bu vəsait də qoyulmayacaqdı və iş yerləri də yaradılmayacaqdı. Ona görə biz Sumqayıt Kimya Sənaye Parkının timsalında uğurlu sənaye siyasətimizi görürük və bu siyasət bundan sonra da davam etdiriləcək”. 

"Sumqayıt Kimya Sənaye Parkında hazırda əyirici boyaq fabrikinin tikintisi davam edir. Bu da xalçaçılığın inkişafına böyük təkan verəcək. Xalçaçılıq indi inkişaf edir, 30 xalça fabrikinin yaradılması nəzərdə tutulur. Xalçaçılığın əsas xammalı yun və ipəkdir. İndi yun tədarükü mərkəzləri yaradılır, baramaçılığa böyük təkan verilib. Şəki ipək kombinatı böyük həcmlə işləyir, fermerlər baramadan böyük gəlir əldə edirlər. Yəni, sənayenin və kənd təsərrüfatının inkişafı paralel şəkildə getməlidir, bir-birini tamamlamalıdır, bir-birinə dəstək verməlidir və biz bunu görürük. Eyni zamanda, əlbəttə ki, bizim əsas məqsədimiz qeyri-neft sektorunu inkişaf etdirmək, idxaldan asılılığı aradan götürmək və qeyri-neft ixracını artırmaqdır və biz burada bunu görürük. Siqaret fabriki tam gücü ilə işləyəndən sonra burada ildə 11 mlrd. ədəd siqaret istehsal olunacaqdır. Bu gün verilən məlumata görə, daxili tələbat 14 mlrd.dır. Əminəm ki, bu fabrik idxalı tam əvəzləyəcək. Çünki hazırda yerli istehsal var və gələcəkdə ixrac imkanları da geniş olacaq. Mən istərdim ki, daxili tələbat sıfır səviyyəsində olsun, insanlar siqaret çəkməsinlər, bu pis vərdişdən uzaq olsunlar. Əminəm ki, görülən tədbirlər, o cümlədən qanunvericilikdə atılan addımlar nəticəsində biz bu məqsədə çatacağıq. İstərdim ki, bu siqaret fabriki 100 faiz ixrac məhsulları istehsal etsin. Ancaq bu, hələ ki, mümkün deyil. Biz vətəndaşları keyfiyyətli yerli siqaretlə təmin etməliyik. Lakin, eyni zamanda, hamı, ilk növbədə, dövlət çalışmalıdır ki, Azərbaycanda siqaret çəkənlərin sayı minimum səviyyəyə ensin. Çünki ixrac bizə əlavə valyuta gətirir, əlavə imkanlar yaradır. O cümlədən ferroərintilər zavodunda istehsal olunacaq məhsulun 90 faizi ixraca gedəcək, 10% isə Azərbaycan müəssisələrində yenidən emal olunaraq hazır məhsula çevriləcəkdir", - deyə o, qeyd edib.

Son xəbərlər

Orphus sistemi