Yuxarı

​Azərbaycanda kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçot yeni qaydalarla aparılacaq

Maliyyə Nazirliyi “Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları”nı təsdiqləyib

Bakı. 24 fevral. REPORT.AZ/ Azərbaycan Maliyyə Nazirliyi “Kiçik sahibkarlıq subyektlərində sadələşdirilmiş uçotun aparılması Qaydaları”nı təsdiqləyib.

"Report"un xəbərinə görə, qaydalar kiçik sahibkarlıq subyektləri hesab olunan fiziki və hüquqi şəxslərə şamil edilir.

Kiçik sahibkarlıq subyektinin rəhbəri bu qaydalara müvafiq olaraq uçotun aparılmasını təşkil edir.

Kiçik sahibkarlıq subyektinin rəhbəri sadələşdirilmiş uçotun düzgün aparılması üçün şəraitin yaradılmasını, sadələşdirilmiş uçotun aparılmasını, təsərrüfatdaxili ehtiyatların aşkara çıxarılmasını və səfərbər edilməsini, sadələşdirilmiş uçotun tələblərinə riayət edilməsinə nəzarəti təmin edir.

Kiçik sahibkarlıq subyektinin rəhbəri mühasibat xidmətinin həyata keçirilməsini təmin edən müvafiq struktur bölmə təşkil etməklə işçiləri (baş mühasib, mühasib və kassir) cəlb edir.

Kiçik sahibkarlıq subyektinin rəhbəri baş mühasib və ya mühasib cəlb etmədikdə, sadələşdirilmiş uçotun aparılmasını bu sahədə ixtisaslaşdırılmış təşkilat vasitəsi ilə təşkil etmək və ya bu uçotu şəxsən özü tərəfindən aparmaq hüququna malikdir.

Sahibkarlıq subyektinin rəhbəri sadələşdirilmiş uçotun həyata keçirilməsini təmin edən mühasibat xidmətinin işçiləri (işçisi) və ya ixtisaslaşdırılmış təşkilatı təmsil edən mütəxəssislə birlikdə əmtəələrin, materialların, pul vəsaitlərinin, habelə başqa qiymətlilərin qəbulu və verilməsi üçün əsas olan sənədlərə, habelə hesablaşma, kredit və maliyyə öhdəliklərinə imza edir.

Mühasibat xidmətinin rəhbəri (baş mühasib) və ya ixtisaslaşdırılmış təşkilatı təmsil edən mütəxəssis həyata keçirilən bütün təsərrüfat əməliyyatlarının sadələşdirilmiş uçotda düzgün əks etdirilməsini, buna nəzarəti, kiçik sahibkarlıq subyektinin rəhbərinə operativ məlumatların təqdim olunmasını, hesabatların müəyyən edilmiş müddətlərdə tərtib edilməsini, kiçik sahibkarlıq subyektinin maliyyə-təsərrüfat fəaliyyətinin iqtisadi təhlilinin həyata keçirilməsini təmin edir.

Sahibkarlıq subyektinin mühasibat xidmətinin rəhbəri (baş mühasibi) işdən azad edildikdə və ya ixtisaslaşdırılmış təşkilatı təmsil edən mütəxəssislə bağlanılmış müqaviləyə xitam verildikdə, onun vəzifələri, sadələşdirilmiş uçotun, maliyyə-təsərrüfat əməliyyatlarının vəziyyəti və hesabat məlumatlarının doğruluğu yoxlanılıb dürüstləşdirildikdən sonra yeni təyin edilmiş baş mühasibə (yaxud müqavilə ilə cəlb edilmiş mütəxəssisə), o olmadıqda kiçik sahibkarlıq subyektinin rəhbərinin əmri ilə baş mühasibin işləri həvalə edilmiş işçiyə təhvil verilir.

Mühasibat xidməti və ya ixtisaslaşdırılmış təşkilatı təmsil edən mütəxəssis sadələşdirilmiş uçotun aparılmasını baş vermiş bütün maliyyə-təsərrüfat əməliyyatlarının başdan-başa və istisnasız olaraq ilkin uçot sənədləri əsasında sənədləşdirilməsi şəklində həyata keçirməlidir.

Subyektinin kassir (xəzinədar) ştatı olmadıqda həmin vəzifəni onun rəhbərinin yazılı sərəncamı əsasında digər işçi və ya kiçik sahibkarlıq subyektinin rəhbəri yerinə yetirir.

Təsərrüfat əməliyyatlarının baş verməsi faktını əks etdirən ilkin uçot sənədləri mühasibat uçotu registrlərində yazılışlar üçün əsas hesab olunur.

İlkin uçot sənədləri ya əməliyyatların baş verdiyi anda, ya da bilavasitə əməliyyatlar başa çatdırıldıqdan sonra tərtib edilir.

İlkin uçot sənədlərində sənədin adı, nömrəsi, kodu, tərtib edilmə tarixi, yeri, sənədi tərtib edən təşkilatın adı, təsərrüfat əməliyyatlarının məzmunu, ölçüləri və məbləği, məsul şəxslərin vəzifələri, soyadı, adı, atasının adı kimi zəruri rekvizitlər əks etdirilməlidir. Əməliyyatların xarakterindən və kiçik sahibkarlıq subyektinin fəaliyyətinin xüsusiyyətindən asılı olaraq ilkin uçot sənədlərinə digər əlavə rekvizitlərin daxil edilməsinə yol verilir.

İlkin uçot sənədlərinin keyfiyyətli tərtibatı, sənədlərdəki məlumatların doğruluğu həmin sənədləri tərtib etmiş və imzalamış şəxslər tərəfindən təmin edilir.

Kiçik sahibkarlıq subyektinin müəyyən dövr ərzində baş vermiş təsərrüfat əməliyyatları haqqında məlumatlar mühasibat uçotu registrlərində qeyd olunur.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi