Yuxarı

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Almaniya səfiri ilə görüşüb

Görüşdə keyfiyyət infrastrukturu üzrə yeni yanaşmanın tətbiqi müzakirə obyekti olub

Bakı. 21 sentyabr. REPORT.AZ/ Bu gün Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin sədri Ramiz Həsənov Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrabla görüşüb. 

Bu barədə “Report”a komitənin mətbuat xidmətindən məlumat verilib.

Görüşdə R.Həsənov bildirib ki, ölkələr arasında bütün sahədə uğurlu əməkdaşlıq əlaqələri var və keyfiyyət infrastrukturu sahələrinin inkişafında Avropa, xüsusilə Almaniya təcrübəsindən istifadə olunur. O xatırladıb ki, Azərbaycan hələ 2008-ci ildən keyfiyyət infrastrukturu üzrə yeni yanaşmanın tətbiqinə start verib. 

Belə ki, Almaniyanın da fəal iştirak etdiyi “Tvinninq” layihəsinin icrası nəticəsində Azərbaycanda 3 adda dövlət etalonu laboratoriyası qurulub. Bu işdə Almaniya Metrologiya İnstitutu (PTB) ilə əməkdaşlığı xüsusilə vurğulayan sədr hazırda icrasına başlanan Avropa Birliyinin yeni “Tvinninq” layihəsində də PTB-nin iştirak etdiyini, qurumun ölkəmizin dövlət etalonlarının beynəlxalq səviyyədə tanınmasına dəstək verdiyini qeyd edib. Bundan başqa, Almaniyanın Akkreditasiya Qurumu (DakkS) ilə qarşılıqlı əməkdaşlığın Azərbaycan sənayesi üçün faydalı olduğunu deyən R.Həsənov əlavə edib ki, komitənin sınaq laboratoriyasının DakkS tərəfindən akkreditasiya olunması ilə yerli məhsulların Avropa bazarlarına çıxışı imkanları genişlənib.

Onun sözlərinə görə, hazırda Azərbaycan texniki tənzimləmə, standartlaşdırma və sənaye mülkiyyəti obyektlərinin mühafizəsi sahələrində Almaniya Standartlaşdırma İnstitutu (DİN) və patent sahəsi üzrə milli orqanla daha sıx əməkdaşlıqda maraqlıdır.

Almaniyanın Azərbaycandakı səfiri Mixael Kindsqrab isə Azərbaycanda sənayenin inkişafı, qeyri-neft sektorunun sənayedə payının artırılması istiqamətində atılan dövlət tədbirlərini yüksək qiymətləndirdiyini qeyd edib. O, Azərbaycanda keyfiyyət infrastrukturu sahələri olan texniki tənzimləmə, standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi, akkreditasiya və patent sahələrinə verilən diqqətin iqtisadiyyatın şaxələndirilməsində, yerli sənayenin inkişafındakı əhəmiyyətini xüsusi vurğulayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi